Qazax Rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr - Bayraq Gününə həsr edilmiş “Milli qürur simvolumuz” başlıqlı tədbir keçirilib
Noyabrın 2-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə 9 Noyabr - Bayraq Gününə həsr edilmiş “Milli qürur simvolumuz” başlıqlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin, Gənclər və İdman İdarəsinin direktor və əməkdaşları, gənclər, könüllülər, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Q.Mahmudova adına ümumi orta məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bütün xalqımızı və tədbir iştirakçılarını 9 Noyabr - Bayraq Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. C.Hüseynova üçrəngli bayrağımızın keçdiyi şərəfli tarix haqqında məruzə ilə çıxış edərək bildirib ki, 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qaldırılmış üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən qaldırıldı. Müstəqil dövlətimizin dövlət atributu kimi həm ölkəmizdə, həm də dünyada ən mötəbər tədbirlərdə dalğalandırıldı. Bu gün bu bayraq bütöv və qalib dövlətin bayrağı kimi, 30 illik əsarətdən qurtulmuş azad ərazilərimizdə daha qürurla, daha əzəmətlə dalğalanmaqdadır.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, xalqımızın suverenliyinin rəmzi olan Dövlət Bayrağı ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən qaldırılaraq bizə qaytarıldı. Bu gün isə dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli iradəsi sayəsində bayrağımız bütün dünyada, idman, mədəniyyət, elm, siyasət tədbirlərində, ən əsası da azad edilmiş ərazilərimizdə vüqarla dalğalanır.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov çıxış edərək qeyd edib ki, bu gün dünyanın hər yerində bütün azərbaycanlılar tərəfindən Bayraq Günü birliyin əlaməti kimi qeyd olunur və uğrunda minlərlə Vətən oğlunun canından keçdiyi üçrəngli bayrağı daim uca tutaraq onu müqəddəs bilirlər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Səma Aslanova çıxış edərək üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanmasının gənclərdə böyük sevinc və qürur hissi doğurduğunu vurğulayıb.
Q.Hacımahmudova adına ümumi orta məktəbin direktor əvəzi Rəna Budaqova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, müqəddəs bayraq uğrunda canından keçmiş şəhidlərə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.
Sonra məktəbin şagirdləri bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi- bədii kompozisiyalar nümayiş etdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş