Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və məktəblilər Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad ediblər
26 İyun - Silahlı Qüvvələr Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
İyunun 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Vətən oğullarını yad ediblər.
Əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, memorial önünə qərənfillər düzülüb, şəhidlərimiz ehtiramla anılıb.
Daha sonra şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış "Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət edilib.
Şagirdlərə 26 İyun - Silahlı Qüvvələr Gününün tarixi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə və şəhidlərimiz haqqında ətraflı məlumat verilib.
Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, əbədi-bədii kompozisiya nümayiş etdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş