İşğaldan azad edilmiş ərazilərin dirçəlişi onu deməyə əsas verir ki, Qarabağ qısa vaxtda yenidən cənnətə çevriləcək!
Zəngəzur rayonu Şərqi Zəngəzur iqtisadi
rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb
edir. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunmuş, tam mühasirədə olan on minlərlə insan Araz çayını keçərək xilas
olmuşdular. Uzun müddət düşmən işğalından sonra Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti ilə 20 oktyabr 2020-ci ildə
Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı
kəndləri, 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl,
Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, Turabad, İçəri Müşlan,
Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq,
Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar,
Tiri, Əmirxanlı, Qarıqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Şərqlə qərbin
qovuşduğu yerdə yerləşən Zəngilanın tarixinin qədimliyini qalalar, müşahidə
məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət
abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin
olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına
qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət
başçısının 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi
rayonların yeni bölgüsü haqqında” fərmanını da həmin qərarların davamı kimi
qəbul etmək olar. Fərmanda deyilir: "Hazırda işğaldan azad edilmiş ərazilərin
bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması
və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər
həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii
sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların
bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid
proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad
edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını
şərtləndirir”. İşğaldan azad edilmiş ərazilərin dirçəlişi
istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu
hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların
əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin
və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılır. Xüsusi nümayəndələr müəyyən ərazi hüdudlarında Prezidenti təmsil edən
vəzifəli şəxslərdir və Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata
keçirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Şərqi
Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin
təyin olunması ilə əlaqədar videoformatda görüş keçirib və çıxış edib. Dövlət
başçısı öz çıxışında Zəngilan rayonu ilə yanaşı, işğaldan azad edilmiş digər
ərazilərimizdə həyata keçirilən yeni infrastruktur layihələr, postmüharibə dövrünün
reallıqları, şəhid ailələrinə göstərilən diqqət, qayğı, əhalinin
məşğulluq məsələləri və s. haqqında mövzulara toxunmuş və maraqlı açıqlamalar
vermişdir. Xalqımızın uzaq
keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks
etdirən qədim qalalar, tarixi abidələr, tikililər, məscidlər, minlərlə eksponata
malik muzeylərlə zəngin olan Zəngilan rayonu da azad edilmiş digər rayonlarımız
kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan
rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2
salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə
edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni
vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Prezident çıxışında
bildirib ki, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq
başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi
indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı.
Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da
mövcuddur. Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə
qayıtması əsas məsələlərdən biridir – deyən ölkə başçısı qeyd edib ki, Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə
oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata
keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd
olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə
bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah,
məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə
edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il
və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə
tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün
əlavə vəsait ayrılacaqdır. Zəngilan rayonunda
həyata keçiriləcək yeni infrastruktur layihələrdən danışan dövlət başçısı bəyan
edib ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava
limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq
nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi,
beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və
altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan
rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki
Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək,
eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Prezident İlham Əliyev
çıxışında həmçinin vurğulayıb ki, işğal dövründə Ermənistan
rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol
Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri
gözlərində qaldı. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan
ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar
arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun
inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq
yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır; Zəngəzur dəhlizinin
əhəmiyyətindən danışan ölkə başçısı bildirib ki, Zəngəzur dəhlizi
əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açacaq. Son
vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil
olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də
yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu
dövlətlər üçün əlavə imkanlar yaradacaq. Dövlət başçısı eyni zamanda Zəngilan
rayonunun böyük turizm potensialından da danışıb və bildirib ki, gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı,
dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan
rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm
imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı,
kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də
məşğulluq və gəlir mənbəyi olacaq. Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə
görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və
kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki,
o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və
Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir. Azad edilmiş hər
bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Kəndlər
planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin
baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün
torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. İşğaldan azad edilmiş ərazilərin
dirçəlişi isə onu deməyə əsas verir ki, Qarabağ yenidən cənnətə çevriləcək! Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər
Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş