Əsas Səhifə > Mədəniyyət > İşğaldan azad edilmiş ərazilərin dirçəlişi onu deməyə əsas verir ki, Qarabağ qısa vaxtda yenidən cənnətə çevriləcək!

İşğaldan azad edilmiş ərazilərin dirçəlişi onu deməyə əsas verir ki, Qarabağ qısa vaxtda yenidən cənnətə çevriləcək!


8-05-2022, 13:45


Zəngəzur rayonu Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, tam mühasirədə olan on minlərlə insan Araz çayını keçərək xilas olmuşdular. Uzun müddət düşmən işğalından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti ilə 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarıqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən Zəngilanın tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısının 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını da həmin qərarların davamı kimi qəbul etmək olar. Fərmanda deyilir: "Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir”.

İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılır. Xüsusi nümayəndələr müəyyən ərazi hüdudlarında Prezidenti təmsil edən vəzifəli şəxslərdir və Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirirlər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar videoformatda görüş keçirib və çıxış edib. Dövlət başçı öz çıxışında Zəngilan rayonu ilə yanaşı, işğaldan azad edilmiş digər ərazilərimizdə həyata keçirilən yeni infrastruktur layihələr, postmüharibə dövrünün reallıqları, şəhid ailələrinə göstərilən diqqət, qayğı, əhalinin məşğulluq məsələləri və s. haqqında mövzulara toxunmuş və maraqlı açıqlamalar vermişdir.

Xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirən qədim qalalar, tarixi abidələr, tikililər, məscidlər, minlərlə eksponata malik muzeylərlə zəngin olan Zəngilan rayonu da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Prezident çıxışında bildirib ki, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir – deyən ölkə başçısı qeyd edib ki, Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.

Zəngilan rayonunda həyata keçiriləcək yeni infrastruktur layihələrdən danışan dövlət başçısı bəyan edib ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Prezident İlham Əliyev çıxışında həmçinin vurğulayıb ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır;

Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan ölkə başçısı bildirib ki, Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Dövlət başçısı eyni zamanda Zəngilan rayonunun böyük turizm potensialından da danışıb və bildirib ki, gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir. Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. İşğaldan azad edilmiş ərazilərin dirçəlişi isə onu deməyə əsas verir ki, Qarabağ yenidən cənnətə çevriləcək!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt