Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri barədə söylədikləri onu deməyə əsas verir ki, Qarabağımız tezliklə cənnətə çevriləcək
Ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli
və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan günü-gündən inkişaf edir. Prezident
İlham Əliyevin ölkəmizin müstəqilliyini möhkəmləndirməklə bağlı fəaliyyəti daha
çox xarici siyasətdə özünü göstərir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın
beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizlə müttəfiqlik etmək istəyən ölkələrin
sırasına yeniləri əlavə olundu. Müzəffər Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələrin
öhdəsindən məharətlə gələrək, torpaqlarımızı işğaldan azad etdi. Şanlı ordumuz
tərəfindən ərazi bütövlüyümüzün bərpası eyni zamanda tarixi ədalətin bərpası
idi və xalqımız da bu istəyinə nail oldu. Üçrəngli bayrağımız işğaldan azad olunmuş
torpaqlarımızda dalğalandı. Bunlar şəhidlərimizin canı, qazilərimizin qanı
bahasına oldu. Bütün bunlar bir daha sübut etdi ki, xalqımızın güc və qüvvəsini
heç bir qüvvə sarsıda bilməz. Bu gün dünya dövlətləri içərisində Azərbaycan
qalib bir dövlət kimi özünəməxsus mövqeyi ilə seçilir. Belə ki, bütün sahələrdəki
irəliləyişlər dövlətimizin başında duran liderin uzaqgörən bir siyasətçi olduğunu
bir daha sübut edir. Müharibədən çıxmış bir ölkə olmağımıza baxmayaraq iqtisadiyyat,
mədəniyyət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə olan irəliləyişlər
bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin sədrliyi ilə 12
aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan
müşavirədə dövlət başçısının da söylədiyi kimi, keçən il ölkəmizin həyatında
çox əlamətdar bir il oldu. Əsas məqsədimiz keçən il həm azad edilmiş
torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə
yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz
qabağındadır. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir
ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla
fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni
reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir
keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir.
Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi
bütövlüyünü tam tanıyan qurumdur. 30 ilə yaxın bir müddətdə kağız üzərində
qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan
tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin
icra olunmaması ilə bağlı yükü götürmüş oldu. BMT-dən sonra ən böyük beynəlxalq
təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik
edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı.
Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş
münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə
Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə,
həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı
işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr
qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki
toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən
Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair
önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş
torpaqlara səfərlər etmişlər. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş
mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul
edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr
ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər
etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.
Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır.
Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış
yekun kommunikedə "Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə
Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur
və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər
müzakirə edilmişdir. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq
üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət
yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın
ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.
30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri
arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki
iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin
delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar,
eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz
işinə başlamalıdır. 3+3 əməkdaşlıq formatının işə düşməsi sevindirici haldır.
Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir.
Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da
çox müsbət hal kimi qiymətləndirilməlidir. Ermənistanın inkişafı onun qonşu ölkələrə
olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və
Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və
onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar
real müstəqil ölkə olmaq şansını itirmişlər. Müharibənin 44 gününün hər günü dərindən
təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha
effektiv təşkil olunsun. Yeni silahların, texnikaların alınması təşkil edilir.
Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları
aparılmışdır və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək.
Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır. Bu qoşun növü
istənilən vəzifəni icra edə bilər. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait
lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın
silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur,
heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard
dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.
Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər
Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul
ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyət həm siyasi
nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha
da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç
ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə
iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar
xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Ölkənin
iqtisadi göstəriciləri çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər
faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz
artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində
artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən
çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın
azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı
düşməsi – bütün bunlar reallıqlardır; Ölkə Prezidentinin
də söylədiyi kimi, ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə
artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft
ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində
baş vermiş hadisədir. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan
çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi
strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə
bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və
kreditlər ancaq vacib olan layihələrə cəlb olunmalıdır. Xarici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5
milyard dollardan çoxdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər
ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda
isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir. Dövlət büdcəsi
profisitlə icra olunur. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox
və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Bütün nailiyyətlər Azərbaycanın daxili
gücünün hesabına əldə olunub. Heç kimdən bir manat dəstək almamışıq.
Azad edilmiş torpaqları da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici
şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir,
nə işğal dövründə, nə də sonra. Müharibədən
sonra işğaldan azad olunmuş ərazilərdə bastırılmış minalardan 200-dən çox insan
həlak olub və ya ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər
fondlar var, QHT-lər var. Gəlsinlər, kömək göstərsinlər. Maşın, mexanizmlər və texnika
alınıb, hətta dronlar alınıb ki, o minalarla çirklənmiş yerləri təsbit edir.
Ancaq mütəxəssis çatışmır, işçi qüvvə çatışmır. Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan
vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir
nümunə olacaq. Avropa İttifaqı Azərbaycana
2 milyardlıq paket elan edib. Bu müsbət haldır. Ancaq elə layihələr var
ki, o layihələri Azərbaycan borc götürmədən icra edə bilər. Azərbaycanda 10 min
kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Ona görə bu amil mütləq nəzərə
alınmalıdır. İndi proseslər mənfi
istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə
sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq
qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır.
Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna
müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və
Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını
dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss
olunacaq. Bu səbəbdən ərzaqlıq buğda ilə təminatımız diqqət mərkəzində
olmalıdır. Azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı
aparılması üçün göstərişlər verilib. Azərbaycanda
ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda
ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Sahibkarlara məqsədyönlü
kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin.
Çünki buğda əsas ərzaq məhsuludur. Azad edilmiş torpaqlarda indi böyük əkin işləri
aparılır. Elektrik stansiyalar ilə
bağlı perspektiv planlar da icra olunmaqdadır. Bu il "Xudafərin” və "Qız
qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir.
İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə
olunacaqdır. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat
gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. "BP”
şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar
gedir. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan
stansiyaların 9 min meqavatdan çox potensialı var. Azərbaycan dünyanın
aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim
qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və
keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb.
Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir
potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın
enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi
ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o memorandumda
elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var. Azərbaycan ərazisində görüləcək
işlərlə bağlı bu il konkret təkliflər verilməlidir. Cəbrayıl
yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam
Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt
gedə bilər. Zəngəzur dəhlizi
açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi
ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən
yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də
artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız
vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir
yolunun 60 kilometri artıq hazırdır. 10
noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə
Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə
keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş
olacaq. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı
bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Bərdə-Ağdam dəmir yolunun inşası davam edir.
Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və
Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir. Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir.
Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava
Limanının inşası 2024-cü ilə planlaşdırılır. Orada işlərin həcmi çox böyükdür,
həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir. Cari ildə Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir.
Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri
turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə
çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm
imkanları bu yaxınlarda təqdim edildi - həm turizm, həm yaşayış, həm idman. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə
təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan
keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu
yolun da çox böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında
Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O
cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi
davam etdiriləcək. Ölkənin yol
infrastrukturu surətlə şaxələnir. Avtomobil yolları arasında Bərdə-Ağdam
avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən
4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən
magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı,
indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları
çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu
yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə
ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər
avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın
istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Şuşa şəhərinin içməli su layihəsi prioritetdir. Çünki artıq Şuşada
insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar
qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməlidir.Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə
malikdir. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla
yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr
bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı
şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda
başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90
çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt
binasında "ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar
yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir
olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start
verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. Gələn ay Şuşada "Xarıbülbül” festivalı yenidən
keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda
Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni
zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət
etmişik. Artıq bu ənənənə də bərpa olunub. TÜRKSOY Şuşanı 2023-cü ildə "Türk
dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq
təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr
elə icra edilməlidir ki, ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Azad
edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı
zonası - oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə
və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir.Avropa Şurası Parlament Assambleyasında
bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi - Ermənistanın
Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey
açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. İndi biz
Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. Həm Azərbaycan vətəndaşları, həm dünya ermənilərin
30 illik cinayətlərin fəsadlarını bilməlidir. Həkəri çayı - ən
böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da
deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay,
Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar
edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı
zibilləyən, zəhərləyən "Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi
xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında
Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz
biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. İşğal zamanı tamamilə dağıdılmış su anbarları.
Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı,
Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay,
Ağdamkənd su anbarlar. Ağalı kəndinin
sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il
Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı
kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir.
Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin
yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də
bərpa olunacaq.Yaxın perspektivdə inşa
olunacaq sosial obyektlər. Üç məktəbin inşası bu il başa çatmalıdır –
Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb. Hər
üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana
bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların
inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli
qoyulacaq. Ölkə Prezidentinin çıxışında işğaldan azad olunmuş torpaqlarımızda
aparılan abadlıq-quruculuq işləri barədə söylədikləri, görülən işlər onu deməyə
əsas verir ki, Qarabağımız, Şuşamız, eləcə də digər azad edilən bölgələrimiz
tezliklə cənnətə çevriləcək. O gün isə elə də uzaqda deyil! Münəvvər XƏLİLOVA, Qazax Dövlət Rəsm Qalereyasının direktoru
Facebook-da paylaş