Hüseynbəyli kənd tam orta məktəbin şagirdləri üçün Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsindən bəhs edən mühazirə oxunub
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində şagirdlərə mühazirələrin oxunması davam edir.
Respublika Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ili "Şuşa İli” elan etməsi ilə əlaqədar və Azərbayançılıq məfkurəsinin banisi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə növbəti mühazirə oxunub.
Yanvarın 27-də Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə "Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında reallaşan mühazirədə dahi şəxsiyyətin dövlətimiz, xalqımız naminə misilsiz xidmətlərindən söz açılıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva Azərbaycanın milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən danışıb. Qeyd edib ki, bütün həyatını xalqının gələcəyinə, Azərbaycan dövlətinin inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Müstəqil Azərbaycan dövlətinin qurulması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin uğurlu davamçısı Prezident İlham Əliyevin məqsədyönlü və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və uğurlara imza atmışdır.
S.Qocayeva həmçinin Şuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, dahi şəxsiyyət Heydər Əliyevin Şuşanın, ümumilikdə Qarabağın inkişafı, tərəqqisi uğrunda misilsiz xidmətləri, mənfur ermənilərlə apardığı mübarizələr, Azərbaycana rəhbərliyinin birinci dövründə dəfələrlə Qarabağa, Şuşaya etdiyi səfərlər, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi kimi bərpa edilməsinin zəruriliyi istiqamətində gördüyü əhəmiyyətli işlərdən söz açıb.
Bu gün şahidi olduğumuz tarixi proseslərin əsasının hələ o dönəmlərdə qoyulmasından, düşmən işğalından azad edildikdən sonra həmin ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan işlərdən, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən, 32 ildən sonra yenidən keçirilən Xarı Bülbül festivalından, Vaqif Poeziya günlərindən, Vaqifin bərpa edilən məqbərəsindən, Şuşa Rəsm Qalereyasından, Şuşa Xalça Muzeyindən, yeni salınacaq otellərdən və s. geniş danışıb. Şuşanın tarixini, coğrafiyasını, mədəniyyətini, təbiətini özündə əks etdirən kitablarla, şəkillərlə və digər əyani vasitələrlə Şuşa şəhəri, Ulu öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən, Respublika Prezidenti İlham Əliyevin Şuşanı böyük bir tarixi memarlıq abidəsinə çevirmək istiqamətində gördüyü əhəmiyyətli işlər haqqında şagirdləri maarifləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş