• Təqvim

  • Unutma

  • Maraq



8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycanın gücünü dünyaya bəyan edən Zəfər” adlı tədbir keçirilib


Noyabrın 3-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş "Azərbaycanın gücünü dünyaya bəyan edən Zəfər” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi qazisi Namiq Alıyev, ehtiyatda olan mayor, tabor komandiri, II qrup Vətən müharibəsi qazisi Xəyyam Əliyev, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi Təyinatlı giziri, I qrup Vətən müharibəsi qazisi Kərim Əliyev, III qrup Vətən müharibəsi qazisi, çavuş Xalid Həsənov, III qrup Vətən müharibəsi qazisi kiçik gizir Cəfər Cəfərov, II qrup Qarabağ müharibəsi qazisi Nüsrət Musayev, III qrup Vətən müharibəsi qazisi Vüsal, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin müəllimləri, şagirdləri və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda 44 günlük Vətən müharibəsində Vətənin bütövlüyü uğrunda şücaət göstərərək Şəhidlik zirvəsinə yüksəlmiş Qazaxın igid, qəhrəman oğullarının xatirəsinə həsr edilmiş filmin nümayişi ilə başlayıb. Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova 8 Noyabr - Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi qələbənin - Zəfərin birinci ildönümü ərəfəsindəyik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, tarixi ədalət bərpa olundu. Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifə açdı. Xalqımız öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Vətən müharibəsindəki uğurlarımızın ən başlıca səbəbi son 18 ildə həyata keçirilən güclü dövlət, güclü ordu birliyi və döyüşçülərimizin ruh yüksəkliyi idi.

 

Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi qazisi Namiq Alıyev çıxış edərək tədbirdə iştirak edən Vətən müharibəsi qazilərini və digər iştirakçıları salamlayıb, vətənpərvərlik mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin böyük tarixi hadisə olduğunu bildirib. Qazandığımız Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu diqqətə çatdırıb.


Ehtiyatda olan mayor, tabor komandiri, II qrup Vətən müharibəsi qazisi Xəyyam Əliyev çıxış edərək 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışaraq hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan iftixar hissi ilə danışıb.

 

Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi Təyinatlı giziri, I qrup Vətən müharibəsi qazisi Kərim Əliyev çıxış edərək 44 günlük Zəfər yolundan, döyüşlərdə hərbçilərin əhval-ruhiyyəsinin, ordumuzun döyüş əzminin yüksək olduğundan danışıb, erməni işğalçılarının məhv edilməsindən böyük qürur və fəxarətlə bəhs edib.

 

II qrup Qarabağ müharibəsi qazisi Nüsrət Musayev xalqımızın və dövlətimizin dəstəyini daim hiss etdiklərini və hər zaman Vətənin bütövlüyü uğrunda canlarından belə keçməyə hazır olduqlarını bildirib.


Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi təbriklərini çatdırıb. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin müəllifi olan Ali Baş Komandan İlham Əliyevə, şəhdlərimizə, qazilərimizə minnətdar olduğumuzu bildirib. Şəhidlərimizi, qazilərimizi, əldə etdiyimiz zəfəri gələcək nəsillərə çatdırmaq üçün vətənpərvərlik mövzusunda olan bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib. Məktəb kollektivi olaraq belə tədbirlərin mütəmadi olaraq təşkil olunması üçün böyük səylə çalışdıqlarını qeyd edib. 

Sonra tədbir Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdlərinin 8 Noyabr - Zəfər Gününə həsr edilmiş ədəbi-bədii kompozisiyasının nümayişi ilə davam edib. Məktəb şagirdlərindən Əsmər Hüseynova, Lamiyə Cəfərli, Nuray Cəfərli, Ayan Məmmədova, Yusif Budaqov Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın "Dəmir yumruq”, "Şuşanı alan oğullar”, "Şəhidlər” şeirlərini söyləyiblər. Şəhidlərə olan ehtiramlarını şeir töhfəsi ilə çatdırıblar.

Sonda şagirdlər Vətən müharibəsi qaziləri ilə xatirə şəkli çəkdiriblər.

 











GOYEZEN.AZ



Facebook-da paylaş