Qazaxda “Şanlı tariximizin daş yaddaşı” mövzusunda videokonfrans keçirilib
Bu gün Qazax Rayon
Heydər Əliyev Mərkəzinin və "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı
ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Şanlı
tariximizin daş yaddaşı” mövzusunda videokonfrans keçirilib. Zoom platforması üzərindən
onlayn formatında keçirilən görüşdə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin Baş
fond mühafizi Aytən Fətullayeva, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz
Alişanova və əməkdaşları, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova,
Mərkəzin və Qoruğun əməkdaşları iştirak ediblər. Videokonfrans iştirakçılarını
salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova 18
Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə mədəniyyət işçilərinə
təbriklərini çatdırıb. C.Hüseynova bildirib ki, bu
əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi
üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya ictimaiyyətinin,insanların diqqətini maddi-mədəniyyət abidələrinin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə
qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği
məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. "Avey” Dövlət
Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva çıxış edərək bildirib ki,
tarixi abidələr zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatan daş
kitabələrdir. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət abidələrinin
çoxluğu ilə ölçülür. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdir. Ölkəmizdə
saysız- hesabsız tarixi abidələr mövcuddur. O cümlədən, Qazax rayonu da tarixi
yerlər və abidələrlə zəngin bölgədir. Rayonumuzda yerli, ölkə və dünya əhəmiyyətli
abidələr vardır. Dünya əhəmiyyətli abidələrimiz olan Damcılı daş dövrü mağarası
Qazaxa gələn turistlərin və yerli əhalinin hər zaman böyük həvəslə
ziyarət etdikləri məkandır.
Videokonfrans
iştirakçılarından Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz
Alişanova mövzu ətrafında çıxış edərək Qazaxın dünya əhəmiyyətli abidələrindən
olan Baba Dərviş qədim yaşayış məskəni və
Qırmızı Körpü haqqında ətraflı məlumat verib. Cəbrayıl Tarix–Diyarşünaslıq
Muzeyinin Baş fond mühafizi Aytən Fətullayeva mövzu ətrafında çıxışında Cəbrayıl
rayonundakı tarixi abidələr haqqında danışıb. A.Fətullayeva qeyd edib ki, ərazilərimizin
işğaldan azad edilməsi ilə özümüzə qayıdan tarixi abidələrimizdə bu gün dövlətimizin
diqqət və qayğısı nəticəsində bərpa və yenidənqurma işləri aparılır. Cəbrayıl
Tarix-Diyarşünaslıq Muzeyi də "Böyük Qayıdış” ilə öz doğma torpaqlarımızda fəaliyyətini
davam etdirəcəyi günü səbirsizliklə gözləyir. Bu günlər çox yaxındadır. Çıxış edənlər Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun İkinci
Qarabağ müharibəsində düşmən üzərində möhtəşəm Zəfərimizdən sonra işğal altında
olan tarixi abidələrimizin artıq öz sahiblərinə qaytarılmasını qürurla dilə gətiriblər.
Dövlətimizin bu məsələyə çox həssas münasibət göstərdiyini vurğulayıblar. Erməni
vandalları tərəfindən avtomat atəşinə tutulan Üzeyir bəyin, Natəvanın, Bülbülün
tunc heykəllərinin artıq öz doğma torpaqlarında olduğunu və buna görə hər bir
azərbaycanlının fəxarət hissi keçirdiyini bildiriblər. İşğaldan azad edilən ərazilərimizdə
xalqımızın keçmişini özündə əks etdirən bütün abidələrin, maddi-mədəniyyət
nümunələrinin bərpa ediləcəyini və o günün uzaqda olmadığını qeyd ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş