Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Şanlı tariximizin daş yaddaşı” mövzusunda videokonfrans keçirilib

Qazaxda “Şanlı tariximizin daş yaddaşı” mövzusunda videokonfrans keçirilib


16-04-2021, 19:34


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin və "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Şanlı tariximizin daş yaddaşı” mövzusunda videokonfrans keçirilib.

Zoom platforması üzərindən onlayn formatında keçirilən görüşdə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin Baş fond mühafizi Aytən Fətullayeva, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və əməkdaşları, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Mərkəzin və Qoruğun əməkdaşları iştirak ediblər.


Videokonfrans iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə mədəniyyət işçilərinə təbriklərini çatdırıb. C.Hüseynova bildirib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya ictimaiyyətinin,insanların diqqətini maddi-mədəniyyət abidələrinin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.


"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva çıxış edərək bildirib ki, tarixi abidələr zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatan daş kitabələrdir. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət abidələrinin çoxluğu ilə ölçülür. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdir. Ölkəmizdə saysız- hesabsız tarixi abidələr mövcuddur. O cümlədən, Qazax rayonu da tarixi yerlər və abidələrlə zəngin bölgədir. Rayonumuzda yerli, ölkə və dünya əhəmiyyətli abidələr vardır. Dünya əhəmiyyətli abidələrimiz olan Damcılı daş dövrü mağarası Qazaxa gələn turistlərin və yerli əhalinin hər zaman böyük həvəslə ziyarət etdikləri məkandır.

 

Videokonfrans iştirakçılarından Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova mövzu ətrafında çıxış edərək Qazaxın dünya əhəmiyyətli abidələrindən olan  Baba Dərviş qədim yaşayış məskəni və Qırmızı Körpü haqqında ətraflı məlumat verib.


Cəbrayıl Tarix–Diyarşünaslıq Muzeyinin Baş fond mühafizi Aytən Fətullayeva mövzu ətrafında çıxışında Cəbrayıl rayonundakı tarixi abidələr haqqında danışıb. A.Fətullayeva qeyd edib ki, ərazilərimizin işğaldan azad edilməsi ilə özümüzə qayıdan tarixi abidələrimizdə bu gün dövlətimizin diqqət və qayğısı nəticəsində bərpa və yenidənqurma işləri aparılır. Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi də "Böyük Qayıdış” ilə öz doğma torpaqlarımızda fəaliyyətini davam etdirəcəyi günü səbirsizliklə gözləyir. Bu günlər çox yaxındadır.

Çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun İkinci Qarabağ müharibəsində düşmən üzərində möhtəşəm Zəfərimizdən sonra işğal altında olan tarixi abidələrimizin artıq öz sahiblərinə qaytarılmasını qürurla dilə gətiriblər. Dövlətimizin bu məsələyə çox həssas münasibət göstərdiyini vurğulayıblar. Erməni vandalları tərəfindən avtomat atəşinə tutulan Üzeyir bəyin, Natəvanın, Bülbülün tunc heykəllərinin artıq öz doğma torpaqlarında olduğunu və buna görə hər bir azərbaycanlının fəxarət hissi keçirdiyini bildiriblər. İşğaldan azad edilən ərazilərimizdə xalqımızın keçmişini özündə əks etdirən bütün abidələrin, maddi-mədəniyyət nümunələrinin bərpa ediləcəyini və o günün uzaqda olmadığını qeyd ediblər.









 

GOYEZEN.AZ


Geri qayıt