• Təqvim

  • Maraq



“XX əsrin faciəsi” adlı tədbir keçirilib


Qazax rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi” adlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllim-şagird kollektivi, mərkəzin əməkdaşları iştirak ediblər.

 "Xocalı faciəsi” adlı film nümayiş olunduqdan sonra soyqırım qurbanlarının əziz xatirəsi dərin hüznlə yad olunub.

Mərkəzin direktoru Ceyhunə Hüseynova "XX əsrin faciəsi” adlı məruzə ilə çıxış edərək bildirib ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətdir. Bu faciə tarixin yaddaşına Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrlə eyni dərəcədə yazılmışdır. Adları çəkilən faciələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq yazılmışdır. Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilmişdir. Bunların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər girovun taleyi isə bu günə qədər məlum deyil.


Məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışaraq qeyd edib ki, Azərbaycan xalqı son 200 ildə ermənilərin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. 1905-1906, 1917-1918-ci illərdə ermənilər Bakıda, Gəncədə, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda qırğınlar törətməklə yanaşı, yaşayış məskənlərini darmadağın etmişdir. Xocalıda törədilən soyqırım da bu etnik təmizləmə siyasətinin davamı idi. Xocalı insanlığın qanla boğulduğu bir yerdir.

Sonra məktəbin şagirdləri Elza Şahvələdli, Əsgər Hacıyev, Sədaqət Camalova, Duyğu Əfəndiyeva, Aysel Hüseynova, Nicat Nağıyev, Nərmin İsgəndərova, Ayşən Nağıyeva, Halə Camalova, Leyla Həsənova, Səma Mustafayeva, Sevda Adıgözəlova, Əsmər Hüseynova, Kənan Hüseynzadə Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, bu faciəni özündə əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbir Xocalı faciəsindən bəhs edən kitab və fotosərgiyə baxışla başa çatıb.





GOYEZEN.AZ



Facebook-da paylaş