• Təqvim

  • Maraq



Qazaxda “20 Yanvar hadisələrinin tarixi siyasi əhəmiyyəti” başlıqlı tədbir keçirilib

Yanvarın 16-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar “20 Yanvar hadisələrinin tarixi siyasi əhəmiyyəti” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyin müəllim və şagirdləri, Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələrini özündə əks etdirən fotolardan ibarət sərgi və film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva açaraq tədbir iştirakçılarını salamlayıb, 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakı şəhərinə daxil olaraq Azərbaycanın suverenliyi və azadlığı uğrunda mübarizə aparan dinc sakinlərə qarşı qətliam törətdi. Nəticədə yüzlərlə insan həlak oldu, yaralandı və itkin düşdü. Həmin gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, igid oğullarımız Şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirdilər. 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik mübarizəsində ən şərəfli səhifələrdən birinə çevrildi. Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə Ümummilli Lider Heydər Əliyev öz etirazını bildirib. 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu. Keçirdiyi mətbuat konfransında xalqımıza qarşı törədilən bu cinayətə etirazını bildirdi, faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, bu faciəsinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu və təqsirkarların cəzalandırılmasını tələb etdi. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da parlament“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. “20 Yanvar şəhidi” fəxri adı təsis edildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi yaradıldı. 20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq xalqın milli azadlığı naminə öz canlarını qurban verdilər. Xalqımız bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Asimə Cavadova çıxış edərək bu gün ölkəmizdə 20 yanvar şəhidlərinin ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb və qeyd edib ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına diqqət və qayğı göstərir, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının problemlərinə böyük qayğı ilə yanaşır. Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulması dövlətimizin başçısının şəhidlərin ruhuna olan ehtiramının ifadəsidir.

Tədbir məktəbin şagirdləri Nərgiz Hüseynova, Raul Muradlı, Mələk Kərimova, Aysu Məhərrəmova, Nərmin Əliyeva, Səfurə Həsənli, Ayan Salmanlı, Nərgiz Orucova, Ömər Qurbanlının Vətənə və şəhidlərə həsr olunmuş şeirləri söyləmələri ilə sona çatdırılıb.



Facebook-da paylaş


{sape_links}