Qazaxda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Xalq-Dövlət-Ordu birliyində birləşən Dəmir yumruq” mövzusunda tədbir keçirilib
Sentyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Xalq-Dövlət-Ordu birliyində birləşən Dəmir yumruq” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri, üzvləri, Mərkəzin əməkdaşları və şəhid övladları iştirak ediblər. İlk olaraq dərnək üzvlərinin rəsmlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsinə həsr edilmiş film nümayiş etdirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, 27 sentyabr Azərbaycanın azadlıq mübarizəsinin, milli birliyinin və qəhrəmanlıq salnaməsinin tərənnümüdür. Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20 faiz ərazisini, tarixi torpaqlarını işğal altında saxlamaqda davam edirdi. İşğalçıların 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu uğurlu əks hücum əməliyyatına başladı. Səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması Ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Ermənistanın törətdiyi növbəti təxribatların qarşısını almaq məqsədilə gedən 44 günlük döyüşlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını sübut etməklə ölkəmizə möhtəşəm Qələbə qazandırdı. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran Ordumuzun qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, şəhərlərimizi işğaldan azad etməsi Ermənistanın Kapitulyasiya aktının imzalanması ilə nəticələndi. Bununla da haqq mübarizəsi hərbi-siyasi Qələbəmizlə başa çatdı. Bütün bunlar Ali Baş Komandanın mükəmməl siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, Ordumuzun gücünün, hərbçilərin şücaətinin və xalqımızın birliyinin sayəsində mümkün oldu. Vətən müharibəsində xalqımız bir daha Xalq-Dövlət-Ordu birliyini bütün dünyaya nümayiş etdirdi. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Quluyeva Prezident İlham Əliyevin 27 Sentyabr - Anım Gününün qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Ordusunun böyük Qələbəsi ilə başa çatan Vətən müharibəsində minlərlə şəhid vermişik. Bu gün biz azadlığın necə böyük qurbanlarla əldə olunduğunu anlayırıq. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizn qanı, canı bahasına azad edilib. Qanları ilə şanlı tarix yazan gənclərimiz şərəfli missiyanı uğurla yerinə yetirdilər. Xalqımız hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur. Qazax rayonunda da silsilə Anım tədbirləri keçirilir, şəhidlərin məzarları ziyarət edilir, şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşlər keçirilir. Bu gün hər bir azərbaycanlı Anım Gününü, öz suverenliyini qürurla qeyd edir. Xalqımız öz dövlətinin və Prezident İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləyir. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. G.Quluyeva ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğının Qazax rayonunda da rayon rəhbərliyi tərəfindən olduğu kimi davam etdirildiyini söyləyib. Vətən yolunda canlarını fəda edən oğullarımızla hər birimizin fəxr etdiyini bildirərək dövlətimiz, ölkə başçısı tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi Vüsalə Nəsibova çıxış edərək bildirib ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə, əlillərə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı hər zaman hiss olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir. Hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. Eləcə də qazilərimizin müalicəsi və sağlamlıqlarının bərpası diqqət mərkəzində saxlanılır. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Onlar müalicə olunmaq üçün reabilitasiya mərkəzlərinə və lazım gələndə isə xarici ölkələrə göndərilirlər. Çünki canını, qanını torpağının azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları ən böyük diqqət və qayğıya layiqdirlər. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri - Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Sevil İsmayılova, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Banu Səmədli, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Güllər Pənahlı, Aliyə Pənahlı, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin şagirdləri Kübra Vəlizadə, Aylin Musayeva , Şəfiqə Abdullayeva şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Tədbirdə iştirak edən Vətənə əmanət olan şəhid övladları da ürək sözlərini bölüşüblər. Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kəndinin igid oğlu gizir İsmayılov Tahir Niyazi oğlunun övladları Niyazi və Uğur İsmayılovlara, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kəndinin igid oğlu kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun övladı Emin İsmayılova, Vətən müharibəsi şəhidi Nurlan Məmmədovun övladları Nuray və Məmməd Məmmədovlara, Vətən müharibəsi şəhidi Natiq Şıxməmmədovun övladı Gülay Şıxməmmədovaya Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hədiyyələr təqdim edilib.
Facebook-da paylaş