• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Mədəniyyətin hamisi” adlı tədbir keçirilib


Mayın 8-də Qazax rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Mədəniyyətin hamisi” adlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax rayon Mədəniyyət müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər. 

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab və şəkillərdən ibarət sərgi nümayiş etdirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “İz” filmi nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, XX əsr müstəqil Azərbaycanın inkişafı və tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, onun müstəsna xidmətlərinin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətin bütün dövrlərində həm dövlət başçısı, həm də vətənpərvər insan kimi Azərbaycançılıq ideologiyasının bərqərar olması yolunda, Azərbaycanda milli-mənəvi dəyərlərin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın qorunması, təbliği üçün xüsusi qayğısını, diqqətini əsirgəməmiş və bütün bu sahələrdə yeni dövrün başlanğıcının əsasını qoymuşdur. Çünki dahi şəxsiyyət bilirdi ki, güclü dövlət, sağlam cəmiyyət quruculuğuna nail olmaq üçün qədim mədəniyyəti, köklü mənəvi dəyərləri təbliğ etmək əsasdır. Hər zaman mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyindən bu sahənin inkişafını hələ Sovet ideologiyasının hökm sürdüyü dövrlərdə gərgin mübarizə şəraitində diqqətdən kənarda saxlamır, həmişə mədəniyyətin böyük banisi kimi fəaliyyətinin əsas istiqamətini mədəniyyətin inkişafına yönəldirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti fonunda digər sahələrdə olduğu kimi, mədəniyyət, milli tarixi köklərə bağlılıq üçün də apardığı uzaqgörən mükəmməl siyasət Azərbaycanın müasir tarixində dərin və silinməz izlər buraxmışdır. Danılmaz faktdır ki, Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti yüksəliş dövrü keçdi. 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək bildirib ki, düşmən üzərində tarixi Zəfərimiz regionda və dünyada yeniliklərə yol açıb, Azərbaycanın gücünü, qüdrətini dünyaya bəyan edib. Müəllifi Ulu Öndər olan, 1995-ci ildə qəbul edilən Konstitusiyamız Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyində əsas rol oynayıb. Ulu Öndərin şah əsəri olan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edilib. Bu gün xalq olaraq, qalib ölkənin vətəndaşı olaraq hər birimiz müasir, müstəqil ölkəmizin uğurlarına, regionda və dünyada söz sahibliyinə, sözünün də imzası qədər əhəmiyyətli olması ilə fəxr edirik. Bütün bu uğurlara görə dahi şəxsiyyətə və onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdarıq.

Qazax Rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini, bütün həyatını Azərbaycanın yüksəlişinə həsr etmiş, təkcə maddi deyil, həm də mənəvi inkişafın, milli özünüdərkin, milli oyanışın təşəkkülünün memarı və təşəbbüskarı olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyəti diqqət mərkəzində saxlayır, milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş insanların fəaliyyətləri ilə yaxından tanış olur və fədakar insanların əməyini yüksək qiymətləndirirdi. Ümummilli Liderin bu tarixi xidmətləri milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.


Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək bildirib ki, qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi ilə fəxr edə bilər. Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu səhə həmişə Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Mədəni quruculuq sahəsində həyata keçirilən böyük tədbirlər kitabxana işinin inkişafına da müsbət təsirini göstərmiş, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmişdir. Məhz buna görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərəqqi dövrü kimi daxil olmuşdur.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə mədəniyyət siyasətinə xüsusi diqqət yetirmiş, təşəbbüskarlığı, müəllifliyi və rəhbərliyi ilə çoxsaylı mühüm əhəmiyyətli işlər görülmüşdür. Bu gün xalqımızın tarix və tarix-diyarşünaslıq muzeyləri milli vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Həyata keçirilmiş hər bir qanun xalqın mədəni inkişafında, gənc nəsildə Vətənə məhəbbət və zəngin keçmişinə dərin rəğbət hissinin yüksəlməsində əhəmiyyətli rol oynayır. İlk növbədə dünya standartlarına uyğun hüquqi baza yaradılmış, mədəniyyət dəyərlərinin toplanması, qorunması və daha da zənginləşdirilməsi üçün muzeylərin yaradılması istiqamətində “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Muzeylər haqqında”, “Memarlıq fəaliyyəti haqqında” Qanunlar imzalanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizdə muzey işini daha da inkişaf etmək məsələsinə xüsusi diqqət göstərir, hər zaman yeni yaradılan muzeylərlə maraqlanır, onların ekspozisiyası ilə tanış olur, öz münasibətini bildirirdi.

Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüskarı, ilhamverici qüvvəsi və təşkilatçısı olmuşdur. Xalqımız qədim tarixə malik zəngin mədəniyyətə malik bir xalqdır. Bu tarixi zənginlik bu gün memarlıq abidələrimizdə, maddi mədəniyyət nümunələrimizdə, rəsmlərdə yaşamaqdadır. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyev hakimiyyət illərində milli şüurun formalaşmasında, milli mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin tərbiyəvi rolunu yüksək qiymətləndirib və bu istiqamətdə böyük işlər görüb. Dahi şəxsiyyət Heydər Əliyev bütün mənəviyyatı ilə Azərbaycan torpağına, Azərbaycan mədəniyyətinə dərin tellərlə bağlı olan bir şəxsiyyət idi.

M.P.Vaqifin və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanın zəngin tarixi keçmişini və mədəniyyətini özündə yaşadan muzeylərə Ulu Öndər Heydər Əliyev daim xüsusi qayğı göstərib. Heydər Əliyevin xalqımızın maddi və mənəvi dəyərlərinə diqqəti sayəsində respublikada muzey işi inkişaf edib. Bu gün Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mədəniyyətimizin inkişafı ilə bağlı layihələri davamlı olaraq həyata keçirir. Azərbaycanda mədəniyyətin bütün sahələri ilə bağlı qəbul olu­nan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxışında bildirib ki, mədəniyyətimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında dahi şəxsiyyət Heydər Əliyevin böyük xidmətləri var. Ədəbiyyat, teatr, kino, rəssamlıq, musiqi və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. 


Canalı kənd Diyarşünaslıq klubunun müdiri Reyhan Omarova çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, dahi lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını bildirib. Qeyd edib ki, Ümummilli Liderimizin böyük fədakarlığı hesabına bu gün Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğunu şərtləndirib. 

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin saz sinfinin şagirdi Xaliq Hacıeyubovun ifasında “Azərbaycan” aşıq havası səsləndirilib.

Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində 2 yaş qrupu üzrə (I yaş qrupu 8-11 yaş, II yaş qrupu 11-13 yaş) keçirilən müsabiqənin qalibləri I, II, III yerlər üzrə təltif olunublar.

 



Facebook-da paylaş