Ümummilli Lider Heydər Əliyev bu gün bizimlə olmasa da, onun işi, əməlləri, işıqlı ruhu həmişə bizimlədir
Mayın 10-da istedadlı bir memar kimi adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, öz təkrarsız layihələri ilə Vətənimizi kərpic-kərpic, mərtəbə-mərtəbə yorulmadan inşa edən, yeni, daha möhtəşəm, daha əzəmətli bir Azərbaycan yaradan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, gənclər və şagirdlər üçün ziyarətlər təşkil olunur, xalqımızın böyük oğlunun həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən kitab sərgisi, filmlər nümayiş etdirilir, Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilir.
Heydər Əliyev çox böyük qüdrətə malik siyasətçi idi. Onun tərcümeyi-halı ilə tanış olanda bir daha əmin olursan ki, ən çətin anlarda belə mübarizə apararaq qalib olmağı bacaran Heydər Əliyevin həyat və fəaliyyəti daim öyrənilməli və tədqiq edilməli məktəbdir. Zəngin dövlətçilik təcrübəsinə malik liderin inkişaf strategiyası fundamental və konseptual xarakter daşıdığından qloballaşan dünyamızda milli maraqlara söykənən siyasətin bugünkü uğurları məhz həmin məktəbin ən layiqli davamçısının apardığı diplomatiyanın nəticəsidir. Ümummilli Lider bu gün bizimlə olmasa da, onun işi, əməlləri, işıqlı ruhu həmişə bizimlədir. Sevinirik ki, ölkəmizin idarəçilik sükanı özünün yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əlindədir. Xalqımız inamla, yekdilliklə öz liderini dəstəkləyir, Heydər Əliyev ideyalarının həyata keçirilməsində, müstəqil dövlətimizin inkişaf etdirilməsində xalqımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasında həmrəylik nümayiş etdirir.
Mayın 1-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsin Qazax Korpusunun, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktor və müəllimləri, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri böyük hörmət və ehtiramla dahi insanın abidəsini ziyarət edib, abidə üzərinə tər çiçək dəstələri düzüb, “Məşələ çevrilən həyat” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.
Facebook-da paylaş