• Təqvim

  • Maraq



Qazaxda tələbələrə “Azərbaycan müəllifi Ulu Öndər Heydər Əliyev olan Konstitusiyasının tələblərinə, öz hüquqlarına əsaslanaraq inamla irəliləyir” mövzusunda mühazirə oxunub


Aprelin 29-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar “Azərbaycan müəllifi Ulu Öndər Heydər Əliyev olan Konstitusiyasının tələblərinə, öz hüquqlarına əsaslanaraq inamla irəliləyir” mövzusunda mühazirə oxunub.

Tədbirdə BDU-nun Qazax filialında Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qasım Əliyev, şair-publisist, BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri  Elçin İsmayıl, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Zülfiyyə Adıgözəlova, Mərkəzin əməkdaşları və filialın tələbələri iştirak ediblər.


Tədbiri BDU-nun Qazax filialında Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qasım Əliyev giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Q.Əliyev bildirib ki, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının artıq ənənəyə çevrilən və gənclərlə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini təbliği məqsədi daşıyan bu cür görüşləri həm elmi heyət, həm də tələbə gənclər tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu cür tədbirlər tələbə gənclərin müasir, müstəqil Azərbaycanın tarixinin yaradıcısı olan, xalqımızın Ümummilli Lideri Heydər Əliyev irsini mənimsəməsində, bu istiqamətdə biliklərinin dərinləşməsində mühüm əhəmiyyətə malikdir. Q.Əliyev qeyd edib ki, sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün də imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırki vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə əldə etdiyimiz uğurlara görə bir daha dərk edirik ki, Ulu Öndər Heydər Əliyev bugünkü müstəqil, qalib və inkişaf edən Azərbaycanın qurucusu, yaradıcısı və memarıdır. Respublika Prezidenti, Ulu Öndərin siyasi məktəbinin layiqli davamçısı İlham Əliyev bu möhtəşəm, güclü, qüdrətli dövlətimizin xilaskarı, suverenliyini və əzəli-əbədi bütövləşməsini təmin edən əsl siyasi lider, Müzəffər Ali Baş Komandandır. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Azərbaycan müəllifi Ulu Öndər Heydər Əliyev olan Konstitusiyasının tələblərinə, öz hüquqlarına əsaslanaraq inamla irəliləyir” mövzusunda geniş mühazirə ilə çıxış edib. C.Hüseynova bildirib ki, 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiya və 5-ci ildönümünü qeyd etdiyimiz 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Zəfərimizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır. Müəllifi Ulu öndər Heydər Əliyev olan Ana qanunumuz milli Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Bu konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin yaxşılaşdırılması kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasıdır. 1995-ci ildə Milli Konstitusiyanın qəbul edilməsi ilə ölkəmiz hüquqi dövlət kimi möhkəmləndi, regionda və dünyada söz sahibinə çevrildi. Ulu Öndərin dediyi kimi “Bizim yeni Konstitusiyamız şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir” fikri öz təsdiqini tapdı, məhz bu konstitusiyamızın preambulasında göstərildiyi kimi Azərbaycan dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünün qorunmasını başlıca niyyət kimi bəyan edərək Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsini işğalın aradan qaldırıldığı ərazilərdə bərqərar etdi.

Şair-publisist, BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıl çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmədi, ölkəmiz böyük çətinliklərlə, faciələrlə üzləşdi. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyimizin saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi. Azərbaycanın Qarabağ probleminin ideoloqu oldu. Onun bütöv görmək istədiyi Azərbaycan bu gün özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib.  

Filialın Dil, Ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Zülfiyyə Adıgözəlova çıxış edərək vurğulayıb ki, effektiv dövlət siyasətinin müəllifi və müasir siyasi lider İlham Əliyev bu gün dövlət siyasətinin müasir modelini yaradıb, Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyəti sayəsində Azərbaycan gücləndi, milli-mənəvi dəyərlərimiz ən yüksək səviyyədə qorundu, Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərə müəlliflik etdi, dayanıqlı iqtisadi inkişafın əsası qoyuldu, bütün sahələr davamlı inkişaf etdi, ölkəmizin hərbi qüdrəti artdı, effektiv ordu quruculuğu sayəsində Zəfərimiz reallığa çevrildi, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız azad edilmiş ərazilərdə dalğalandı. Prezident İlham Əliyevin adı sözü və əməli bir olan lider kimi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.



Facebook-da paylaş