Qazaxda tələbə gənclər arasında ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilik yarışı keçirilib
Aprelin 22-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Respublika Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə tələbə gənclər arasında bilik yarışı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. C.Hüseynova bildirib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən 2025- ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyəti çox böyükdür. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi məna daşıyır, ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi rola malik olaraq hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsətdir. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi istiqamətində istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək üçün ən böyük nailiyyətdir. Qəhrəman və cəsur igidlərimizin canı, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük şərəf və iftixarla müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və beynəlxalq arenada yeniliklərə yol açacaq, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsi Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin daha da inkişaf etdirilməsində əsas rol oynayacaq.
Qazax Dövlət Sosial-İqtisadi Kollecdə Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik ənənələrinin qorunmasında və müstəqil hüquqi sistemin formalaşmasındakı əhəmiyyətindən danışıb. E.Əfəndiyeva bildirib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yalnız hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə deyil, vətəndaşların, xüsusilə gənc nəslin konstitusiya dəyərlərinə daha dərindən yiyələnməsinə xidmət edir. Bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edirik, ona görə də bunu gənc nəslə çatdırmağı qarşımıza ən ümdə məqsəd kimi qoymalı və bu işi özümüzə borc bilməliyik. Bu baxımdan gənclər arasında keçirilən bu cür bilik yarışları onların ölkəmizin tarixi, yaxın keçmişi və müasir müstəqillik tarixi istiqamətində biliklərinin dərinləşdirilməsində mühüm əhəmiyyəti vardır.
Sonra Münsiflər heyətinin üzvləri Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tarix və Coğrafiya müəllimi Şükufə Aydınova, Azərbaycan dili və Ədəbiyyat kafedrasının müdiri Qətibə Tomayeva çıxış edərək Zəfər tariximizin və Konstitusiyamızın təbliğ edilməsində mühüm əhəmiyyətə malik olan bilik yarışmasında iştirakçılara uğurlar arzu ediblər. Qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir. Bu uğurların gerçəkləşməsində siz gənclərin də müstəsna rolu danılmazdır.
Tələbə gənclər “Ədalət”, “Zəfər”, “Turan”, “Milli iradə”, “Zirvə”, “Müdafiəçilər” adlı 6 komanda, hər komandada 4 iştirakçı olmaqla 5 mərhələdə yarışıblar.
Birincilik uğrunda mübarizə aparan iştirakçılara Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamları ilə təsis edilmiş Şəhər günləri haqqında müxtəlif mövzularda suallar ünvanlanıb.
4 nəfərdən ibarət münsiflər heyəti - Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktou Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Kollecin Tarix və Coğrafiya müəllimi Şükufə Aydınova və Azərbaycan dili və Ədəbiyyat kafedrasının müdiri Qətibə Tomayeva bilik yarışının obyektivliyini təmin etmək üçün yarışın gedişatını yaxından izləyiblər.
Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışında Qazax Dövlət Sosial-İqtisadi Kollecin “Turan” komandası daha çox suala düzgün cavab verməklə 1-ci yerə layiq görülüb. Yarışda 1-ci yer tutan komanda mükafatlandırılıb. Bütün komandalara və üzvlərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Facebook-da paylaş