• Təqvim

  • Maraq



Qazaxda 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib


Aprelin 18-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssislərinin birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixin daş yaddaşları - Qazaxın işğaldan azad olunmuş ərazilərindəki tarixi abidələr” başlıqlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisləri və Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-liseyin müəllim və şagirdləri iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlanıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Sonra Qazax rayonunun abidələrinə həsr olunmuş film nümayiş etdirilib.


 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün keçirilməsində məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 oktyabr 1984-cü ildən qeyd olunur. Azərbaycan 2002-ci ildə Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunub. Azərbaycanda da geniş qeyd olunan bu əlamətdar gündə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Hələ sağlığında Ümummilli Lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirir və vacib amil hesab edirdi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bir çox tarixi, maddi-mənəvi irsimiz unudulmaqdan, məhv olmaq təhlükəsindən qurtulub, dövlət səviyyəsində nəzarətə götürülüb və bərpa edilərək qorunub, təbliğ edilib, gələcək nəsillərə çatdırılıb. Bunlara İçərişəhər, Qarabağda Azıx mağarası, Qobustan, Qəbələ kimi tarixi arxeoloji yerlərin qorunmasını, ölkəmizin bütün bölgələrində Tarix-Diyarşünaslıq muzeylərinin yaradılması, arxeoloji və elmi tədqiqat işlərinin miqyasının çoxalması və şəxsən həmin yerlərə səfər edərək işlərlə maraqlanması, bu istiqamətlərdə qanunvericilik bazasının formalaşdırılması ən bariz nümunələrdir. 


Qazax rayonu da qədim abidələr diyarıdır. Bu ərazilərdə daş dövründən başlayaraq tarixin bütün dövrlərinə aid 112 tarix və mədəniyyət abidəsi, maddi mədəniyyət nümunələri, zəngin mədəni irs mövcuddur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından sonra  Ermənistan silahlı qüvvələri Azərbaycanla həmsərhəd bölgələrə - Qazax rayonuna da hücumlar etmişdir. Erməni silahlı dəstələri 1990-cı ilin martından etibarən Qazax rayonunun Bağanıs Ayrım kəndini, 1992-ci ilin aprel ayında Barxudarlı və Sofulu kəndlərini işğal etmişlər. Daha sonra isə ermənilər Qazax rayonunun daha dörd kəndini - Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara kəndlərini işğal etmişlər. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu diplomatiya sayəsində 24 may 2024-cü ildə Qazax rayonunun azad edilmiş 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Yaxın zamanlarda həmin ərazilərdə quruculuq-abadlıq işlərinə, eyni zamanda, həmin ərazilərdə mövcud olan tarixi abidələrin yenidən bərpasına başlanılacaq. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində Qazax rayonunun 154 sosial və texniki infrastrukturuna zərər dəymişdir. 12 səhiyyə obyekti, 15 bağça və 19 məktəb erməni təcavüzündən zərər görmüşdür. Qazax rayonunda 25 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qalmışdır. 


Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisi Səadət Əliyeva çıxış edərək müasir Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunmasının mühümlüyündən danışıb. O, bildirib ki, xalqımızın qədim tarixinin arxeoloji tədqiqinə regionlarda da xüsusi diqqət yetirilib. Ulu Öndər rayonlara səfərləri zamanı tarixi abidələrin qorunması və arxeoloji qazıntı işləri ilə şəxsən maraqlanıb, qədim tariximizin yadigarları olan abidələrimizin tədqiqinin və təbliğinin zəruriliyini bildirib. Ulu Öndərin Azərbaycanın tarixi abidələrinin qorunması, tədqiqi və təbliği istiqamətindəki müdrik siyasəti bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan maddi və qeyri-maddi mədəni irsinə sahib çıxır, bu irsin qorunması istiqamətində zəruri addımlar atır. 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizlə tarixi abidələrimiz də düşmən işğalından azad edildi. Uzun illər Ermənistan hərbi birləşmələrinin vandalizm siyasətinə məruz qalmış, tariximizi özündə yaşadan abidələrimiz bu gün öz sahiblərinə qaytarılıb və onların qorunması, gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün örnəkdir.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-liseyin müəllimləri Uşaq Birliyi Təşkilat rəhbəri Mehriban Əliyeva, məktəbin xarici dil müəllimi Vüsalə Abdullayeva tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirib. Şagirdlərin tarixi abidələrimiz haqqında bilik səviyyələrinin yüksəldilməsində bu cür tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbirin sonunda tarixi abidələri əks etdirən kitablardan, broşürlərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssi Zivər Süleymanovanın  Qazax rayonunun tarixi abidələri, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi abidələri haqqında verdiyi geniş məlumat şagirdlər tərəfindən maraqla qarşılanıb.

Sonda Qazaxın tarixi abidələri haqqında məlumatlar əks olunmuş broşürlər şagirdlərə təqdim edilib.



Facebook-da paylaş