• Təqvim

  • Maraq



Qazaxda ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş mədəniyyət müəssisələrinin əməkdaşları arasında intellektual yarış keçirilib


Aprelin 11-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Respublika Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qazax Rayon Mədəniyyət müəssisələrinin əməkdaşları arasında intellektual yarış keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Mərkəzin direktoru Ceyhunə Hüseynova iştirakçıları və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, Azərbaycan xalqı bu gün əsrlər boyunca arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində Konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Respublika Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələn Tədbirlər Planına uyğun olaraq keçirdiyimiz bu intellektual yarış Zəfər tariximizin və Konstitusiyamızın təbliğ edilməsində mühüm əhəmiyyət daşıyır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək bildirib ki, düşmən üzərində tarixi Zəfərimiz regionda və dünyada yeniliklərə yol açıb, Azərbaycanın gücünü, qüdrətini dünyaya bəyan edib. Müəllifi Ulu Öndər olan, 1995-ci ildə qəbul edilən Konstitusiyamız Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyində əsas rol oynayıb. Bu gün hər birimiz müasir, müstəqil ölkəmizin uğurlarına, regionda və dünyada söz sahibliyinə, sözünün də imzası qədər əhəmiyyətli olması ilə fəxr edirik və “Konstitusiya və Suverenlik İli”nin mədəniyyət işçilərinin əməkdaşlarına təbliği istiqamətində daha geniş fəaliyyət göstərəcəyik.  

Rayonun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar 8 komanda, hər komandada 5 iştirakçı olmaqla 5 mərhələdə yarışaraq birincilik uğrunda mübarizə aparıblar. İştirakçılara   Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında müxtəlif mövzularda suallar ünvanlanıb. 

3 nəfərdən ibarət münsiflər heyəti - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktou Ceyhunə Hüseynova, Qazax Rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova intellektual yarışın obyektivliyini təmin etmək üçün yarışın gedişatını yaxından izləyiblər. 

Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışda Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin komandası bütün mərhələlərdə fərqlənərək 1-ci yerə layiq görülüb.

Yarışda 1-ci yeri tutan komanda mükafatlandırılıb, bütün komandalara və üzvlərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.



Facebook-da paylaş