• Təqvim

  • Maraq



İcra başçısı şəhid Seymur Əliyevin atasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib


Vətən, torpaq, yurd, el-oba uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman oğullarımız bizim qəlbimizdə əbədi yaşayırlar. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük məsuliyyət və yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. 

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran, Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid Əliyev Seymur Rövşən oğludur.

Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2005-2006-cı illərdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 12 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 15.08.2007-ci ildə Hüseynbəyli kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur. Subay idi. 

17 avqust 2024-cü il tarixdə şəhidimizin atası Əliyev Rövşən Səfər oğlu dünyasını dəyişmişdir. Avqustun 20-də şəhid atasının üç mərasimi olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhid atasının üç mərasimində iştirak edərək mərhumun ailəsinə başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Rövşən Əliyevin vəfatından kədərləndiyini bildirib, şəhidimizin həyat yoldaşı Gülyanaq Əliyevaya və yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var Seymur kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.



Facebook-da paylaş