İcra başçısı Vətən müharibəsi şəhidi Nicat Nəsibovun atasını evində ziyarət edib
2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi.
Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24 yaşında Şəhidlik zirvəsinə yüksələn, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Vətən müharibəsi şəhidi əsgər Nəsibov Nicat Səməd oğludur.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Avqustun 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Birinci Şıxlı kəndində olub. Vətən müharibəsi şəhidi Nicat Nəsibovun atası Səməd Nəsibovu evində ziyarət edib. Böyrəyindən əməliyyat olunmuş şəhid atasının səhhəti ilə maraqlanıb.
İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Nicat Nəsibov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. “Bu gün özümə borc bildim ki, sizi ziyarət edim, hər zaman olduğu kimi, bu gün də şəhid ailəsinin mənim üçün doğma və əziz olduğunu bir daha hiss edəsiniz”, - söyləyən rayon rəhbəri şəhid atasına Allahdan şəfa diləyib, tez zamanda sağlamlığına qovuşmasını arzulayıb.
Şəhid atası Səməd Nəsibov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bugünükü ziyarətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulduğu kənddə yaşadığı evin qarşısında xatirəsini əbədiləşdirən bulaq inşa olunub, dayanacaq qoyulub.
GOYEZEN.AZ
Facebook-da paylaş