• Təqvim

  • Maraq



Qazaxda şair-tərcüməçi, Tartu Universitetinin professoru, həmyerlimiz Xaqani Qayıblının 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib


Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb dörd bir yana. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi artıq bir ənənə halını alıb. 

Bu gün – avqustun 8-də daha bir ziyalımızın, şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katib, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim Xaqani Qayıblının (Qayıblı Xaqani İsmayıl oğlunun) 60 illik yubileyi qeyd olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Xaqani Qayıblının sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıblar. Dəyərli ziyalımızın yaradıcılığından, gördüyü işlərdən, həyata keçirdiyi misilsiz xidmətlərdən söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının digər məsul şəxsləri, qonaqlardan - akademik Nizami Cəfərov, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının müdiri, şair İbrahim İlyaslı, teleaparıcı, şair Çiçək Mahmudqızı, ⁠Qazax Yol İdarəsinin keçmiş baş mühasibi Mahmud Məmişov, Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Çingiz Abbasov, şair Rafael İncəyurd və başqaları, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, yubilyarın yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə yubilyarın həyat və yaradıcılığına, fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 


Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal son 30 illik fəaliyyəti ilə nəinki ölkəsinə, eləcə də bütün türk dünyasına şərəf və şöhrət gətirmiş yubilyarın əlamətdar günündə onunla bir yerdə olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. Natiq çıxşında X.Qayıblının öz həyat və fəaliyyəti ilə təkcə şair kimi tanınmadığını, eyni zamanda, ictimai-siyasi xadim kimi də dünya dövlətləri arasında ölkəmizi layqincə təmsil etdiyini söyləyib. B.Vüsal şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Ulu Öndər Heydər Əliyev söyləyirdi ki, mənəvi dəyərləri olmayan xalq xalq, dövlət dövlət deyil. Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Xaqani Qayıblının simasında dövləti dövlət edən mənəvi dəyərlərə xidmət edir”, - söyləyən şair bu gün Qazax rayonunda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, yubilyarın ünvanına xoş ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, “Bu il mart ayının 1-də sizin 60 yaşınız tamam oldu. Vətəndən çox-çox uzaqlarda min bir əziyyətlə, şərəflə və ləyaqətlə qürbət həyatı yaşayırsınız. Siz bu ömür yolunda əqidə saflığı, mənəvi bütövlük, cəsarət və şəxsiyyət tamlığıyla ucalıqlar qazanmısınız. 60 yaş hər insanın həyatında önəmli bir tarixdir, özəlliklə də həyatda çox uğurlara imza atmış bir adam üçün. Çox uğur çox əmək, çox zəhmət deməkdir. Qəlbinizdəki bütün narahatlıqları atıb yeni yaşınıza sağlıqlı, xoş əhval-ruhiyyəli və ilhamlı qədəm qoymağınız diləyi ilə Sizi 60 illik yubileyiniz münasibətilə bütün qazaxlılar və şəxsən öz adımdan təbrik edir, yaradıcılığınızda uğurlar arzulayıram”. Rayon rəhbəri Azərbaycanın şairlər və aşıqlar yurdu, poeziyamıza dəyərli söz sənəti inciləri bəxş etmiş Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi kimi görkəmli şəxsiyyətlərin yurdu olan qədim Qazax elində yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənə halını aldığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin mədəniyyətlə bağlı səsləndirdiyi “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir” müdrik kəlamlarını diqqətə çatdıran icra başçısı bugünkü yubiley tədbirinin bu məqsədə xidmət etdiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün sahələrdə olduğu kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Demək olar ki, Ümummilli Lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir. Belə ki, mədəniyyət müəssisələri, sənət ocaqları tikilir, əsaslı şəkildə yenidən qurulur və təmir edilir. Çoxsaylı beynəlxalq festival və yarışlar həyata keçirilir, istedadlı şəxslər üzə çıxarılır, ziyalılar, mədəniyyət xadimləri, yazıçılar, şairlər mükafatlandırılır. Bütün bunlar ardıcıl, məqsədyönlü siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev ölkəmizin inkişafında mədəniyyət xadimlərinin rolunu çıxışlarının birində belə qiymətləndirib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Ölkəmizdə olduğu kimi, Qazax rayonunda da söz-sənət ustadlarının xatirəsi həmişə əziz tutulmuş, onların adına park və xiyabanlar salınmış, abidələr ucaldılmış, ev muzeyləri yaradılmış və bu ənənələr hazırda da davam etdirilir. Ölkə başçısı İlham Əliyevin 01.06.2012-ci il tarixli Sərəncamı ilə tikilərək rayon ictimaiyyətinin, ziyalıların istifadəsinə verilmiş Ədəbiyyat Muzeyi dahi sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsinə, təbliğ edilməsinə, yaradıcı insanların görüşlərinin, toplantılarının, poeziya gecələrinin keçirilməsinə lazımi şərait yaratmışdır. Məhz bugünki tədbir sadalananların davamıdır. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindən olan şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya Tartu Universitetinin müəllimi Xaqani Qayıblı ölkəmizdə, eyni zamanda, ölkədən kənarda tanınan, Azərbaycanın seçilən ziyalılarından biridir. İcra başçısı Xaqani Qayıblının Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinə sadiq qalaraq fədakar bir vətəndaş kimi ölkəmizin xaricdə təbliği istiqamətində usanmadan çalışdığını söyləyib. Rayon rəhbəri bildirib ki, ictimai-siyasi fəaliyyətiniz o qədər böyükdür ki, biz sizi vətəndən üzü qürbətə doğru yönələndə qürbətdə olan bir vətənimiz kimi görürük. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, Estoniya-Azərbaycan cəmiyyətinin sədri kimi sizin diaspor fəaliyyətiniz bizləri qürurlandırır, ölkəmizin ədəbi-mədəni sərvətlərini təbliğ edən, azərbaycanlılarımızın hüquq və mənafelərini xarici ölkələrdə müdafiə edən dayağımız, güvənc yerimizsiniz. İctimai xadim olaraq fəaliyyətiniz dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Respublika Prezidenti İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan diasporunun inkişafında xüsusi xidmətlərinizə görə “Tərəqqi” medalı ilə təltif edilmisiniz. Medalın Vətənimizin bir parçası olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında (2022) təqdim edilməsi də əlamətdar hadisədir. Rayon rəhbəri bütün bu uğurlu fəaliyyətinə, ölkəmizi, Vətənimizi layiqincə təmsil etdiyinə görə Xaqani Qayıblıya bir daha razılığını ifadə edib, gələcək fəaliyyətində, həyatında uğurlar arzulayıb. 


Akademik Nizami Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına səmimi ürək sözlərini çatdırıb. N.Cəfərov Xaqani Qayıblının özünü, həyatını elmə, mədəniyyətə, xalqa həsr etmiş dəyərli ziyalılarımızdan biri olduğunu vurğulayıb. X.Qayıblının şəxsiyyətini, yaradıcılığını təhlil edənlərin onun düşüncəsinin qədim köklərlə bağlı olduğunun şahidi olduqlarını söyləyib. Dünya azərbaycanlılarının birliyinin dövlətimiz üçün prioritet sahə olduğunu qeyd edən natiq X.Qayıblının ictimai xadim kimi bu sahdə böyük töhfələr verdiyini qeyd edib. Qayıbovlar nəslinin milli sərvətlərimizdən olduğunu qeyd edən natiq Xaqani Qayıblının öz nəslinin adını yüksək tutduğunu, onların adına layiq şəkildə təmsil etdiyini diqqətə çatdırıb. N.Cəfərov bugünkü yubiley tədbirinin keçirilməsinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. 


Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının müdiri, şair İbrahim İlyaslı çıxış edərək yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, xoş sözlərini çatdırıb Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından yubilyarı təbrik edən natiq onun 60 illik yubiley tədbirinin Bakıda Beynəlxalq Muğam Mərkəzində də keçirildiyini, bu gün isə Qazaxda təşkil olunmuş tədbirdə iştirak etməkdən qürur duyduğunu söyləyib. “Şairlik təkcə sənət, peşə deyil, şairlik həm də həyat tərzi, fərqli ömür yaşamaqdı. Xaqani Qayıblı da məhz belə fəqli bir ömrü yaşayır. Onun istər şair, istərsə də ictimai-siyasi xadim kimi həyatı hər kəsi qürurlandırır”, - deyən natiq yubilyara gələcək işlərində uğurlar arzulayıb. 


Professor, filologiya elmləri doktoru Rüstəm Kamal çıxış edərək yubilyara səmimi təbriklərini çatdırıb. “Texnologiyanın inkişaf etdiyi bir dövrdə belə Xaqani Qayıblı sözü ilə bizə qürbətin havasını gətirir. O, qürbətdə yaşasa da ana dilimizi yaşadır, tanıdır, sevdirir”, - deyən natiq bu yolda uğurlar arzulayıb.

 

AYB-nin üzvü, şair Rəfail İncəyurd çıxış edərək "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədovun və birliyin üzvləri adından Xaqani Qayıblını 60 illik yubileyi münasibətilə təbrik edib, millətimiz, dövlətimiz naminə gələcək fəaliyyətində uğurlar diləyib. Qürbətdə yaşamasına baxmayaraq Azərbaycanı layiqincə təmsil edən dünyəvi Xaqani Qayıblı ilə fəxr etdiyini dilə gətirib. 


AYB-nin üzvü, şair Mübariz Qaragözlü çıxış edərək yubilyara təbriklərini çatdırıb, ona cansağlığı arzulayıb. Bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığın bildirib. Xaqani Qayıblının haqqında ürək sözlərini səsləndirən natiq onun həyat və yaradıcılığının, ölkəmiz naminə misilsiz xidmətlərinin hər kəsə örnək olduğunu söyləyib. Yubilyara həsr etdiyi şeiri səsləndirərək bir daha təbrik edib.


Ağstafa rayonundakı Hüseyn Arif ədəbi məclisinin sədri, şair, Saqif Qaratorpaq çıxış edərək yubilyarla bağlı səmimi ürək sözlərini ifadə edib. “Bu gün təkcə Xaqani Qayıblı ilə deyil, həm də sözlə olan bir görüşdür”, - deyən S.Qaratorpaq yubiley tədbirində olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. “X.Qayıblı qürbətdə sözü yaşatmaqla həm də Vətəni yaşadır. O, qürbətdə sözü Vətənləşdirir. Qürbətdə sözümüzün Vətənidir. Harada olmasından asılı olmayaraq o, həmişə sözün yanındadır”, - deyən natiq bu yolda ona güc-qüvvət diləyib.  


AYB-nin üzvü, şair Məzahir Yaqub çıxış edərək yubilyarı təbrik edib, onun sözünün qüdrətinə toplaşmaqdan qürur duyduğunu söyləyib. Bugünkü yubiley tədbiri ilə rayonda sözə, şeiriyyətə, ziyalıya verilən qiymətin bir daha bariz nümunəsini gördüyünü diqqətə çatdırıb. 

Qonaqlardan rəssam Fərman Hüseynli çıxış edərək yubilyarı təbrik edib, 60 illik yubileyinə özünün əl işi olan rəsmi hədiyyə edib. 


Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş yubilyarın qələmə aldığı “Özümü tapdım Şuşada”, “Yaşıl işıq”, “Körpülər... Dirəklər” şeirlərini səsləndiriblər.


Qazax Regional Aşıqlar Birliyinin sədri, aşıq Camoy Çaylı və gənc aşıq Samir Allahverdiyev saz havasının sədası altında yubilyarın şeirlərini dilə gətiriblər. 

 

Yubilyar Xaqani Qayıblı çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. X.Qayıblı Şuşada keçirilən V Zəfər Qurultayı ərəfəsində Respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafında xüsusi xidmətlərinə görə 21 aprel 2022-ci il tarixli sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmasına görə dövlət başçısına bir daha dərin minnətdarlığını bildirib. Qayıbovlar nəslinin davamçısı olmaqdan qürur duyduğunu, hər zaman olduğu kimi, bundan sonra da bu soyadı layqincə təmsil edəcəyini vurğulayıb. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair, publisist, ictimai xadim Alıyev Barat Alı oğluna 17-19 iyul 2024-cü il tarixlərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilmiş növbəti Vaqif Poeziya Günlərində Qazax rayonunu layiqincə təmsil etdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

Yubilyar Xaqani Qayıblı anadan olmasının 60 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Məlumat üçün qeyd edək ki, Qayıblı Xaqani İsmayıl oğlu (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-cü ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib.

Xaqani Qayıblı 1994-cü ildən etibarən Estoniya-Azərbaycan Cəmiyyətinin sədri olaraq Baltikyanı dövlətlərdə, həmçinin, 2001-ci ildən etibarən Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü və sədr müavini kimi dünyanın bir çox ölkəsində – Amerikada, Avropada, Skandinaviyada, Avrasiyada və Yaxın Şərqdə dəfələrlə Azərbaycan diaspora təşkilatlarının toplantılarının təşkilatçısı, iştirakçısı və baş məruzəçilərindəndir. Xaqani Qayıblı təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının I, II, III və V Zəfər Qurultayının iştirakçısı olmuşdur. Şuşada keçirilən V Zəfər Qurultayı ərəfəsində Respublika Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafında xüsusi xidmətlərinə görə 21 aprel 2022-ci il tarixli sərəncamı ilə Xaqani Qayıblını “Tərəqqi” medalı ilə təltif edib. 2024-cü ilin mart ayında 60 illik yubileyi münasibətilə Xaqani Qayıblı Türkiyə Respublikası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Altın Yıldız Madalyası” və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

1987-ci ildən Azərbaycan, Gürcüstan, Türkiyə və Estoniya mətbuatında vaxtaşırı şeir və elmi-publisistik yazıları ilə çıxış edən Xaqani Qayıblı bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısı, çoxlu sayda ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin və monoqrafiyanın müəllifidir.

İş yeri: Estoniya, Tartu Universiteti 

İş təcrübəsi: 1992-1995 “POSTİMEES” qəzeti, xarici xəbərlər müxbiri (Estoniya) 

1994 “GÜNAYDIN” qəzeti, müxbir (Türkiyə) 

1995-1996 Baltik Xəbər Agentliyi (BNS) müxbir (Estoniya) 

1995-1998 Tartu Universiteti, müəllim 1996-2008 İhlas Xəbər Agentliyi (İHA) Baltik ölkələri üzrə xüsusi müxbir 

1998 – Tartu Universiteti, Türk Dili Mərkəzi Müdiri 

Təhsili: 1971-1979 Ləmbəli orta məktəbi (Gürcüstan) 

1979-1982 Qazax rayonu 117 saylı orta məktəb (Azərbaycan) 

1989 Maksim Qorki adına Ədəbiyyat İnstitutu (Rusiya) 

1989-1995 Tartu Universiteti – eston dili və ədəbiyyatı (Estoniya) 

1995-2002 Tartu Universiteti – jurnalistika, (Estonya) 

2004 Ankara Universiteti – türk dili, (Türkiyə) 

2003-2005 Tartu Universiteti, MA – ural dilləri, (Estoniya) 

2008-2011 Tartu Universiteti, PhD – tarix, (Estoniya) 

Elmi araşdırmaları: “Estoniya ilə Türk Dünyası arasında siyasi və mədəni əlaqələr” 

“Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” 

“Yazılı mətbuatda fotoqrafiyanın əhəmiyyəti”

İxtisasartırmalar: 1992 Radio müxbiri (Avropa Azadlıq Radiosu, Almaniya) 1997 Yazılı mətbuatın cəmiyyətə təsiri (Türkiyə) 

2005 Türk dili və ədəbiyyatı (Türkiyə) 

Kitabları: 1999 “Sənsiz ömrün bir ili” – (esselər və şeirlər)

2000 “Turistlər üçün türkcə-estonca, estonca-türkcə sözlük” 

2004 “Türkcə-estonca estonca-türkcə danışıq kitabı” 

2004 “40 yaşım 40 sözüm” – (şeirlər) 2014 “Yenə canım söz gəzir” – (şeirlər) 2024 “Danüzünə dediklərim” – (seçilmiş şeirlər) 

Redaktoru olduğu kitablar: 1998 “Türk dünyası yer adları” 

2005 “Nağıllar körpüsü” 

2005 “Estonca-azərbaycanca sözlük” 

Bildiyi dillər: türkcə, estonca, rusca, gürcücə, ingiliscə, almanca 

Tərcümə etdiyi əsərlər: “Danabaş kəndinin əhvalatları” – Cəlil Məmmədquluzadə 

“Kim dedi ki, simurq quşu var imiş...” – Kamal Abdulla 

“Mən burdayam İlahi” – Vaqif Səmədoğlu 

“Sehrli üzük” – Azərbaycan xalq nağılı 

“Yetim qız və ağa qızı” – Eston xalq nağılı 

“Dualar əbədidir” – Tuna Kiremitçi 

“Nağıllar körpüsü” – Baltik xalqlarının nağılları 

Üzv olduğu ictimai siyasi təşkilatlar: Estoniya-Azərbaycan Cəmiyyəti – sədr 

Tartu Universiteti Türk Dili Mərkəzi «Ərgənəkon» yayınları redaksiya heyəti – sədr 

Estoniya Azad Təhsil Ittifaqı – İdarə Heyətinin üzvü 

Dünya Azərbaycanlı Alimlər Dərnəyi – Təşkilat Komitəsinin üzvü 

Estoniya Akademik Şərqşünaslar Cəmiyyəti – üzv 

Dünya Türk Xalqları Assambleyası – üzv 

Estoniya Jurnalistlər Akademiyası – üzv 

Dünya Azərbaycanlıları Konqresi – İdarə Heyətinin üzvü, sədr müavini Estoniya Türkiyə Mədəni Əlaqələr Cəmiyyəti – İdarə Heyətinin üzvü Azərbaycan Yazıçılar Birliyi – üzv 

Türk Ədəbiyyatı Vakfı – fəxri üzv 

Azərbaycan Yazıçılar Birliyinin aylıq orqanı “Ulduz” jurnalı – redaksiya heyətinin üzvü 

Estoniya Ana Vətən Partiyası – üzv



Facebook-da paylaş