• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsi qazisini qəbul edib və səhhəti ilə maraqlanıb


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşı Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi. 

Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. 

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, onlarla görüşərək qayğıları ilə maraqlanır.


Aprelin 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə 44 günlük haqq savaşında göstərdiyi igidliyə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "İgidliyə görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş I dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunu qəbul edib, onun səhhəti və müalicəsi ilə maraqlanıb. 

44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Röyal kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Rayon rəhbəri qazimizin müalicəsinin davam etdirilməsi, əməliyyat olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb.


"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova qazinin səhhəti barədə məlumat verərək vəziyyətinin çətin və əməliyyata ehtiyac olduğunu bildirib. Ağrılarının qimən də olsa keçməsi üçün xəstəxanada həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini qeyd edib. 

Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci il iyul ayının 17-də xidmətini başa vurub. Həmin gündən də "N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 29.10.2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədələnib. Əməliyyat olunaraq sol böyrəyi, dalağı, mədəaltı vəzin 1/3 hissəsi çıxarılıb. Bağırsaq nahiyəsi sol tərəfə calanıb. Sol ayağını hiss edə bilmir. Sağ ayağını yüngül hiss edir. YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasında müalicə olunmasına baxmayaraq hazırda əməliyyat olunmasına ehtiyac var. Onurğasına cərrahi əməliyyatla ağrı pili qoyulmalıdır.

Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”medalı ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.



Facebook-da paylaş