İcra başçısı şəhid anasını və qaziləri müalicə aldıqları xəstəxanada ziyarət edib
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşı Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi.
Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Oktyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səhhətləri ilə əlaqədar Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Vətən müharibəsi şəhidi leytenant Həməşəyev Qismət Oruc oğlunun anası Tamara Həməşəyevanı, I dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunu və III dərəcəli Vətən müharibəsi əlili Kosayev İlkin Rəhman oğlunu ziyarət edib. Şəhid anasının və qazilərin səhhətləri ilə maraqlanan rayon rəhbəri hər zaman olduğu kimi, qayğı göstərmələrini, diqqət ayırmalarını bildirib.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova şəhid anasının və hər iki qazinin səhhəti barədə məlumat verərək vəziyyətlərinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun anasını ziyarət edərkən
44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğlunu
ziyarət edərkən
44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayon Çaylı kənd sakini əsgər Kosayev İlkin Rəhman oğlunu ziyarət edərkən
GOYEZEN.AZ
Facebook-da paylaş