Prezident İlham Əliyev: “Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək”
Cari ilin 26 fevral tarixi Prezident İlham Əliyevin Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə olan görüşlə yadda qaldı.
Dövlətimizin başçısı qeyd etdi ki, ilk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub.
Ölkə başçısının söylədiyi kimi, Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.
Ölkə rəhbəri bildirdi ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Dövlət başçısı vurğuladı ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.
Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur.
Dövlət başçısının söylədiyi kimi, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Ədalətsiz yanaşmadan söz açan dövlət başçısı bildirdi ki, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.
Ölkə başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.
Dövlətimizin başçısı qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi.
Prezident çıxışında vurğuladı ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.
Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salınmışdır. Birinci köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. Çadır şəhərciklərin sonuncusu 2007-ci ildə ləğv edildi İndi isə köçkün anlayışı artıq tamamilə silinib. Biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldırmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik.
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək.
Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi.
Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq.
Ermənistanın yeganə çıxış yoluna gəlincə yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
Dövlət başçısı qeyd etdi ki, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi.
Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.
Facebook-da paylaş