• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tarix yazan Qəhrəmanlarımız” adlı rəsm sərgisi keçirilib

Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olan, işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. 44 gündə qazandığımız şanlı Zəfər Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. Bu gün noyabrın 8-də 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhəri Günü kimi yaddaşlara yazılacaq. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Noyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tarix yazan Qəhrəmanlarımız” adlı rəsm sərgisi keçirilib.


Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, şəhid ailələri, qazilər, Qalereyanın əməkdaşları, dərnək üzvləri, mədəniyyət, təhsil işçiləri, KİV nümayəndələri iştirak ediblər. 

Sərgi iştirakçıları əvvəlcə gənclərin rəsmləri, əl işləri ilə tanış olublar.   

 


Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək sərgi iştirakçılarını və rayon rəhbərliyini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. M.Xəlilova 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsl qəhrəmanlıq dastanı yazdığını, xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu qeyd edib. Xalqımıza tarixi Qələbə bəxş edən şəhidlərimizi, qazilərimizi yad etməyin, Zəfərimizi gələcək nəsillərə çatdırmağın hər kəsin ən ümdə borcu olduğunu vurğulayıb. Qalereyanın əməkdaşları, dərnək üzvləri olaraq hər zaman bu amalı əldə rəhbər tutaraq öz töhfələrini verdiklərini, Qalereyada tədbirlər keçirildiyini, dərnək üzvlərinin öz rəsmlərində, əl işlərində Zəfərimizi əks etdirdiklərini qeyd edib. Bugünkü sərginin də həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib. M.Xəlilova sərgidə Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvləri olan 10 şagirdin (Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı, Qazax rayon Şəmistan Şahvələdov adına  Xanlıqlar və Qazax rayon Abbasəli Məhərrəmov  adına  Yuxarı Əskipara kənd kənd tam orta məktəblərin şagirdləri) 30-dan çox rəsm işinin sərgiləndiyini qeyd edib. Rəsmlərdə 8 Noyabr – Zəfər Gününün, tarixi Qələbəmizin əks olunduğunu söyləyib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. Birinci müavin M.Alıyev respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Gününün silsilə tədbirlərlə qeyd edildiyini söyləyib. M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun xalqımıza tarixi günlər yaşatdığını, bəxş etdiyini qeyd edib. Birinci müavin bildirib ki, cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində bütün dünya dövlətimizin gücünü, ordumuzun qüdrətini bir daha gördü. Birinci müavin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin kökündə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin, həmin siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını qeyd edib. 15 oktyabr 2023-cü il tarixinin də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb. Birinci müavin qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdirHərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər birimizə nümunə olduğunu söyləyib. M.Alıyev qeyd edib ki, nə qədər Azərbaycan xalqı var Şuşanın, eləcə də digər şəhər və rayonlarımızın azad olunduğu günlərin, tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin heç zaman unudulmayacağını qeyd edib. İllər ötsə belə şanlı Zəfəri bizlrə bəxş edənlərə borclu və minnətdar olduğumuzu bildirib. M.Alıyev ürəyi Vətən eşqi ilə döyünən gənclərə Zəfərimizi, şəhidlərimizi, qazilərimizi yaşatdıqları, öz əsərlərində, əl işlərində əks etdirdikləri üçün razılığını ifadə edib, gələcək həyatlarında uğurlar arzulayıb.


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını səsləndirib. İ.Qurbanov 8 noyabr tarixinin xalqımız üçün unudulmaz, hərb tariximizin şanlı səhifəsinin yazıldığı bir gün olduğunu vurğulayıb. Əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətənə fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. İ.Qurbanov sərginin təşkilində əməyi keçən insanlara, Vətən sevgilərinə görə gənclərə razılığını ifadə edib.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. S.Çobanov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi nəticəsində şanlı ordumuzun mənfur düşmənin məkrli siyasətini alt-üst etdiyini, növbəti hücumunun qarşısını aldığını, ən əsası da 30 illik həsrətdən sonra işğal altında olan torpaqlarımızın azad edildiyini söyləyib. Azərbaycan xalqının ölkə Prezidentinin, ordumuzun ətrafında dəmir yumruq tək sıx birləşməsi sayəsində 44 günlük haqq savaşında tarixi Qələbə qazandığımızı vurğulayıb. 2023-cü ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltması hər kəsi qürurlandırdı. Bu, eyni zamanda, bir daha onu göstərdi ki, ərazi bütövlüyümüzün tamlığı, suverenliyimiz, müstəqilliyimiz yoldunda hər bir Azərbaycan əsgəri, zabiti canından keçəməyə hazırdır. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır”, - deyən S.Çobanov ölkəmizin əldə etdiyi uğurların təməlində Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu siyasətini olduğu kimi davam etdirməsinin dayandığını vurğulayıb. S.Çobanov torpaqlarımızın azadlığı uğrunda Qazax rayonunun 348 nəfər şəhid verdiyini bildirib. Bunlardan 289 nəfərin Birinci Qarabağ müharibəsi, 49 nəfərin 44 günlük Vətən müharibəsində, 2 nəfərin Vətən müharibəsindən sonra xidməti vəzifəsini yerinə yetirərkən, 3 nəfərin 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman, 5 nəfərin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olduğunu bildirib. Qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabr döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 52 nəfər şəhid müxtəlif adda 215 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayılın müəllifi olduğu 500 tirajda “Qanları ilə dastan yazanlar” kitabı çap edilmiş, ”Qarabağ Azərbaycandır!” Abidə Kompleksi inşa edilmiş, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı şəhid olmuş oğullarımızın adını əbədiləşdirən guşə yaradılmış və Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələr vurulmuşdur. Bakı Dövlət Universitetinin Qazax filialında və Qazax Gənclər Mərkəzində şəhidlərin xatirəsinə guşələr yaradılmışdır. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 69 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 242 nəfər hərbi qulluqçu ümumilikdə müxtəlif adda 593 ədəd orden və medallarla (onlardan 1 nəfər 3-cü dərəcəli ”Rəşadət” ordeni, 2 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz mayor Nicat Bədəlov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Digər hərbi xidmətini davam etdirən və hərbi xidmətdən təxris olunmuş hərbi qulluqçularımız da Prezidentin müvafiq sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunmuşlar. S.Çobanov Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.  


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Şəhid atası sərginin təşkilində əməyi keçən insanlara razılığını ifadə edərək bu cür tədbirlər keçirildiyi müddətcə igid Vətən oğullarının heç zaman unudulmayacağını bildirib. Şəhid atası ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri qayğını rayon rəhbərliyinin timsalında hər an hiss etdiklərini, daim şəhid ailəsi olaraq hörmət və ehtiram göstərildiyini vurğulayıb. Şəhid atası ölkə başçısının oktyabrın 17-də Füzuli Şəhəri Günündə füzulilərlə görüşü zamanı söylədiyi “Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdirHərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq” fikirlərinin onu qürurlandırdığını söyləyib, ölkə rəhbərinin bu fikirlərini şəhidlərimizə olan böyük hörmət və ehtiramı kimi qiymətləndirib.  

Sonda xatirə şəkli çəkdirilib. 



Facebook-da paylaş