Prezident İlham Əliyev: “Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir”
Cari ilin 11 iyul tarixi 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə və Prezident İlham Əliyevin həmin müşavirədəki çıxışı ilə yadda qaldı.
Ölkə başçısının söylədiyi kimi, ilin ilk altı ayı səmərəli keçib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
Dövlət başçısı çıxışı zamanı qeyri-neft sektorumuzun və qeyri-neft sektorunun sənaye sahəsinin kifayət qədər artdığını bildirdi. Qeyd etdi ki, qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Ölkə rəhbəri vurğuladı ki, maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq.
Dövlət başçısı bildirdi ki, cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək.
Ölkə rəhbərinin vurğuladığı kimi, bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.
Ölkə başçısı qeyd etdi ki, dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə.
Ölkə rəhbəri söylədi ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.
Dövlət başçısının qeyd etdiyi kimi, ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır.
Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Dövlət başçısı vurğuladı ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır.
Ölkə rəhbəri bildirdi ki, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.
Şəffaflıq amilinə toxunan ölkə rəhbəri qeyd etdi ki, ayrılan vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində.
Ölkə rəhbərinin səsləndirdiyi kimi, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar.
Dövlət başçısının vurğuladığı kimi, özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq.
Ölkə rəhbəri bildirdi ki, hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq.
Ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik.
Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.
Ölkə rəhbərinin bildirdiyi kimi, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.
Dövlət başçısı qeyd etdi ki, nəqliyyat sektorunun əhəmiyyəti artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizim üçün əlavə imkanlar yaradır. Nəqliyyat sektoruna tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Lazımi hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır.
Ölkə başçısı bildirdi ki, öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib.
Ölkə rəhbəri söylədi ki, Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. İstisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik. Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər.
Dövlətimizin başçısı öz çıxışında vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar.
Ölkə rəhbəri qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir. Proqram mətbuatda dərc edilib. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram bizim öz resurslarımıza əsaslanıbdır. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. Ölkə rəhbəri bildirdi ki, Gədəbəydə vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Ölkə başçısı on da bildirdi ki, araşdırmaların obyektivliyi təmin olunmalıdır. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməzdir. Bizim təbiətimiz məhv olunmamalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə diqqət yetirməyib və biganə qalıb, araşdırmaların nəticələri barəsində heç bir məlumat yoxdur. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Dövlət başçısı qeyd etdi ki, ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır.
Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də nazirliyin fəaliyyəti.
Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. Amerika polisi isə ildə 1000 nəfəri öldürür. Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. İnsanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır.
“Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması əhəmiyyətli hadisədir. Bu günə qədər ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı ümidlərimiz böyük idi. İlkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. “Abşeron”un birinci fazası artıq icra edilir və SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır.
Facebook-da paylaş