Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun bariz nümunəsidir.
Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur.
Mayın 4-də rayonun Birinci Şıxlı kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı kənd sakini İsmayılzadə Zakir İsmayıl oğlunun kənddə 50 ailənin yaşadığı yeni məhəlləyə transformatorun qoyulmasına köməklik göstərilməsi ilə bağlı müraciəti barədə məlumat vermişdik.
Bu gün Zakir İsmayılzadənin müraciətinin müsbət həllini tapması, Qazax Elektrik Şəbəkəsi tərəfindən sözügedən əraziyə yeni transformatorun qoyulması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq.
Mayın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimovla birlikdə Birinci Şıxlı kəndində olub, sakinlərlə görüşüb. Kənddə sözügedən məsələnin həlli istiqamətində görülmüş işlərlə maraqlanıb.
İcra başçısı hər zaman olduğu kimi, bu gün də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etdiyini, bütün sahələrdə vətəndaş məmnunluğunun əsas götürüldüyünü və keçirilən səyyar görüşlərin bu məqsədə xidmət etdiyini söyləyib.
Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, kənddə 160 KvA-lıq yeni transformator qoyulub. Qeyd edilib ki, 50 ailənin elektrik enerjisinin gərginliyi ilə bağlı mövcud problemi aradan qaldırılıb. Həmçinin, gələcək perspektivdə 100-ə yaxın ailənin də yeni transformatordan istifadə etmək imkanı yaranıb.
Vətəndaş Zakir İsmayılzadə və digər kənd sakinləri onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına və həlli istiqamətində görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş Zakir İsmayılzadənin minnətdarlıq dolu həmin videosunu təqdim edirik.
GOYEZEN.AZ
Facebook-da paylaş