Qazax RİH-də vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Eyni zamanda bütün sahələrdə vətəndaş amili, vətəndaş məmnunluğu əsas götürülür. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.
Həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaşın istəyinə yanvarın 13-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə baxılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhər sakini İbrahimov Namiq Tofiq oğlunun, Qarapapaq kənd sakini Əliyeva Şəfəq Süleyman qızının, Xanlıqlar kənd sakini Daşdəmirova Venera Yolçu qızının müxtəlif məzmunlu müraciətini dinləyib.
Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş