• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan kapitan İmamverdi İsmayılovun ailəsini ziyarət edib


44 günlük müharibədə tarix yazan Azərbaycan! 2020-ci ilin 27 sentyabrdan başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. 

İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də kapitan İsmayılov İmamverdi Yoloğlu oğludur. 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəman şəhidimizin şəhadətindən artıq 2 il ötür. 


Sentyabrın 28-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəhrəman şəhidimizin ailəsini ziyarət ediblər.


İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan İmamverdi kimi qəhrəmanlarımızın döyüş meydanında göstərdikləri şücaətin heç zaman unudulmayacağını qeyd edib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən icra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov şəhidimizə rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn şəhid kapitanımızla bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, İmamverdi və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. “Şəhidlərimizin ailələrini ziyarət etmək hər birimizin borcudur”, - deyən millət vəkili hər zaman olduğu kimi, bundan sonra da şəhid ailələrinin, qazilərin yanında olacağını vurğulayıb.


Şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin qardaşı buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə millət vəkilinə və rayon rəhbərliyinə razılıq edib. 

İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində “N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu. 


Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov. 

Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb.


Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı  3-cü dərəcəli “Rəşadət” ordeni, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş