• Təqvim

  • Unutma

  • Maraq



3-cü dərəcəli "Rəşadət" ordenli kapitan İmamverdi İsmayılovun doğum günü ailəsi ilə birlikdə qeyd olunub


44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan! 27 sentyabrdan başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.

Vətən müharibəsində, Qarabağ adlı haqq savaşındaqəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də kapitan İsmayılov İmamverdi Yoloğlu oğludur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni"Vətən uğrunda” medalı ilə təltif olunmuş igid kapitanımızın bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış kapitanımızın yaşasaydı bu gün 32 yaşı tamam olacaqdı.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək götürülür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir.İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 32 yaşını qeyd etdiyimiz kapitan İmamverdi İsmayılovun xatirəsi də yad olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, qazi mayor Xəyyam Əliyev şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.




 

Şəhidimizin ruhuna dua oxunduqdan sonra İmamverdi İsmayılovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq İmamverdi İsmayılov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də İmamverdinin xatirəsinin daim əziz tutulacağını bildiriblər.


Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan İmamverdi kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. Azərbaycan xalqı var olduqca şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin göstərdikləri igidliyin, qəhrəmanlığın bugünkü və gələcək nəsillər üçün hər zaman örnək olacağını vurğulayıb. "Şəhidlərimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də İmamverdinin doğum günündə onun əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə baş çəkməyi, doğum gününü sizlərlə bir yerdə qeyd etməyi özümüzə borc bildik”, - deyən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.



Deputat köməkçiləri Akif Əmirov Arzu Musayeva Səməd müəllimin və Ülviyyə xanımın səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd ediblər.

Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhid kapitanımız haqqında ürək sözlərini bölüşərək İmamverdinin Vətən torpaqlarının azadlığını hər zaman hər şeydən üstün tutduğunu, ölümün gözünə dik baxaraq şəhid olmaqdan bir an olsun belə çəkinmədiyini vurğulayıb. Hər zaman mərd, igid, mübariz bir döyüşçü kimi fərqləndiyini və bu gün də yaddaşlarda o cür xatırlandığını qeyd edib. İmamverdi kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini dilə gətirib. Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.


Övladı haqqında ürək sözlərini bölüşən şəhidimizin anası Gözəl Orucova İmamverdinin hər zaman torpaq, yurd-yuva, Vətən sevdalı olduğunu bildirib. "Oğlum Vətən yolunda şəhid oldu. Yaşasaydı və Vətəni darda olsaydı İmamverdi yenə də döyüşə gedərdi. Çünki Vətən sevgisi uşaqlıqdan onun qanına, canına hopmuşdu. Bu gün tək təsəllimiz odur ki, İmamverdi təkcə öz el-obasının deyil, bütöv Azərbaycanın oğludur, şəhididir. Necə ki, mən övladımla fəxr edirəm, eləcə də bütöv Azərbaycan İmamverdi kimi oğullarla fəxr edir”.



Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhidimizin atası Yoloğlu İsmayılov da Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Oğlu İmamverdinin Vətən torpaqlarının azadlığını hər zaman hər şeydən üstün tutduğunu, ölümün gözünə dik baxaraq şəhid olmaqdan bir an olsun belə çəkinmədiyini vurğulayıb. Şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını İmamverdinin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.

Kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu


Kapitan İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində "N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.


Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.

Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb. Böyük oğlu Emin İsmayılov Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 2-ci sinif şagirdidir. Kiçik oğlu Elnur İsmayılov isə azyaşlıdır.

Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı  3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif olunmuşdur.

Şəhidimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.



GOYEZEN.AZ



Facebook-da paylaş