• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsində iştirak edən və yaralanan daha bir hərbçimizə baş çəkib


44 günlük Vətən müharibəsi! Bu, həmin şanlı müharibədir ki, 27 sentyabrdan başladı və 10 noyabrda böyük Zəfərimizlə bitdi. Bu qələbəni bizlərə bəxş edən isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini ləyaqətlə yerinə yetirən, soyuq səngərdə işğalda olan torpaqlarımıza atacağı hər qələbə addımı üçün səbirsizlənən Azərbaycan Ordusunun qəhrəman əsgərləri, zabitləri, hərbçiləri oldu. Bu 44 gündə Azərbaycanımızın uğrunda sinəsini düşmən gülləsinə sipər edən, Vətən naminə canından, qanından keçən hər bir Vətən oğlu bizim üçün qəhrəmandır. Məhz mərdliklə döyüşən həmin qəhrəman oğullarımızın, Vətəni canı bahasına bütöv edən şəhidlərimizin sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü.
Vətən müharibəsinin iştirakçılarından biri də Mansurov Xətai Tapdıq oğludur. O, 17 sentyabr 1989-cu ildə Qazax rayonunun sərhəddə yerləşən Kəmərli kəndində anadan olub. Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbi bitirib. Düşmənlə üz-üzə dayanmış sərhəd kəndində böyüyən Xətai hər zaman Vətənin keşiyində dayanmağı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşməyi özünün həyat amalı bilib. 2015-ci ildən Azərbaycan Ordusunun "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayan Xətai Mansurova Vətən müharibəsində iştirak etmək də nəsib olub. O, 28 sentyabr 2020-ci il tarixdə Murovdağı istiqamətində gedən döyüşlərdə bud sümüyü, qarın nahiyyəsi və bel onurğa sütünundan güllə yarası alıb. Hazırda səhhəti ilə bağlı məzuniyyətdə olan Xətai sağlamlığına qovuşan kimi yenidən döyüş yoldaşlarının yanına qayıtmağı, ən əsası da düşmən tapdağından azad edilmiş torpaqlarımızı ziyarət etməyi arzulayır. Bir azyaşlı qız atası olan Xətai döyüşməkdən bir an belə çəkinmədiyini qeyd edir. Vətən müharibəsinin ilk günündən yaralandığı və döyüş yoldaşları ilə axıra kimi vuruşmadığı üçün təəssüflənir.
Xətai, eləcə də onun kimi Vətən oğulları ilə fəxr etmək, qürur duymaq, gələcək nəsillərə tanıtmaq da bizlərin ən ümdə vəzifəsi və işidir.
Hər zaman şəhidlərimizin xatirəsini ehtiramla anan, onların ailə üzvlərini, hərbçilərimizi, yaralı əsgər və zabitlərimizi diqqətdə saxlayan rayon rəhbərliyi bu gün də həmin qayğını əsirgəmir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə yaralı hərbçimiz Xətai Mansurovu evində ziyarət edib. 44 gün davam edən haqq savaşında tarix yazan Xətai kimi oğullarımızla başda Ali Baş Komandan olmaqla, hər kəsin fəxr etdiyini qeyd edib. "Ölkə Prezidenti tərəfindən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğı bu gün hər birimiz üçün örnəkdir”, - deyən icra başçısı yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.
Yaralımız Xətai Mansurov qısa olsa belə Vətən müharibəsində iştirak etdiyi üçün qürur hissi keçirdiyini söyləyib. Bizlərə tarixi Qələbəni bəxş edən, Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tez zamanda sağalmağı arzulayıb.
Yaralımızınatası Tapdıq Mansurov da övladı ilə fəxr etdiyini bildirib. Dövlətimiz, dövlət başçısı tərəfindən göstərilən qayğıya görə razılığını bildirən yaralımızın atası bu ziyarətin həmin qayğının davamı olduğunu qeyd edib. Xətaiyə, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.
GOYEZEN.AZ



Facebook-da paylaş