• Təqvim

  • Maraq



İcra başçısı tarixi Qələbənin qazanılmasında iştirak edən yaralı hərbçimizə baş çəkib

Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Elə bir tarixi Qələbə ki, biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə o qələbənin anbaan şahidi olduq, izlədik və daim qürur duyduq. Fəxrlə söylədiyimiz, illər ötsə belə söyləyəcəyimiz bir həqiqət var ki, o da bu tarixi qələbəni bizlərə bəxş edən şəxsin tarixi şəxsiyyət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin olmasıdır. Bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləridir.

Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında iştirak edən və müstəsna xidmətləri olan hərbçilərimizdən biri də Məmmədov Xəyal Valeh oğludur.

Qazax rayonunun sərhəddə yerləşən Aslanbəyli kəndində doğulub boya-başa çatan Xəyal bu gün göstərdiyi igidliyə görə hər birimizə örnəkdir. Vətənə olan borcunu qaytarmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçən Xəyal xidmətini başa vurub qayıtmağa 2 ay qalmış elə bir tarixi Qələbə qazandı ki, illər keçəcək və o qələbə unudulmayacaq. Kəşfiyyat bölüyündə olan Xəyal Vətənin dar günündə hər an döyüşə hazır olan müsəlləh əsgər olduğunu bir an belə unutmadan daim düşmənin üzərinə şığıdı. Ölümün gözünə dik baxaraq döyüş yoldaşları, silahdaşları ilə birlikdə bir amal uğrunda – illərdir işğal altında olan torpaqlarımızı azad etmək üçün savaşdı. Bir dəfə başından, bir dəfə də qolundan yaralanan Xəyal Məmmədovu aldığı yaralar belə tutduğu mövqedən, qarşıya qoyduğu məqsəddən, Vətənə və Ali Baş Komandanına verdiyi sözdən döndərə bilmədi. Əzmi, iradəsi, dözümü sayəsində sonunda digər döyüş yoldaşları ilə birlikdə zəfər çaldı. Haqqın savaşında haqlı olduğumuzu hər kəsə sübut etdi. Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazıdran Xəyal kimi oğullarımız yüzlərlə, minlərlədir. Azərbaycanlı olaraq, ölkə vətəndaşı olaraq, bizlər üçün savaşan, bizim mənliyimizi, kimliyimizi bizlərə qaytaran, xalq olaraq güclü, qüdrətli bir xalq olduğumuzu bütün dünyaya sübut edən əsgərlərimizlə, hərbçilərimizlə fəxr etmək, onları yaxından tanımaq, tanıtmaq, hörmət etmək, ən əsası da daim qayğı göstərmək hər birimizin borcudur. Vətən uğrunda canından keçən şəhidlərimizlə yanaşı, onlarla çiyin-çiyinə döyüşən yaralı oğullarımızı da unutmamalıyıq. Şəhidlərimizin timsalında onların bizlərə əmanəti kimi sahib çıxmalıyıq. Hər an fikirləşməliyik ki, şəhidlərimiz canlarından keçdi, yaralılarımız da ölümün bir addımlığından döndü. Hər ikisi bizim üçün doğma və əzizdir.

Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq. Qazaxda bu amil hər zaman ön planda olub və olmaqda davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşması, onları ziyarət etməsi bunun bariz nümunəsidir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aslanbəyli kəndində olub, yaralı hərbçimizə baş çəkib. "Hər bir hərbçi mənim üçün doğmadır, əzizdir”, - deyən icra başçısı hərbçimizə sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini çatdırıb. Vətən uğrunda igidcəsinə döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzulayıb. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.

İkinci Qarabağ müharibəsində şanlı Ordumuzun keçdiyi döyüş yolundan, hərbçilərimizin göstərdiyi şüacətdən söz açan Xəyal Məmmədov bu döyüşdə onlara güc, qüvvət verən əsas amilin dövlət-xalq-ordu birliyinin, həmrəyliyinin olduğunu qeyd edib. Bu birliyin onları daha böyük qələbələrə səslədiyinə və sonda zəfər çalmalarına, qələbə qazanmalarına vəsilə olduğunu vurğulayıb. Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən Xəyal xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirib. O, xəstəxanada olan zaman daim onunla maraqlanan, ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanılan qələbənin daimi, dönməz olduğunu söyləyib. Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan qardaşlarına Allahdan rəhmət diləyib, yaralı döyüş yoldaşlarına tezliklə sağalmalarını, ailələrinin yanına qayıtmalarını arzulayıb. Bundan sonra da hər zaman Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini yerinə yetirməyə, Vətən torpağı uğrunda son damla qanına kimi yenidən vuruşmağa hazır olduğunu söyləyib.

Hərbçimizin nənəsi Minayə Məmmədova, dayısı Sakit Həsənov Xəyal və onun kimi igid oğullarımızla fəxr etdiklərini dilə gətiriblər. Tarix yazan oğullarımızın bundan sonra da var olacağını söyləyiblər. Ailə üzvləri adından Xəyala və digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılıqlarını ifadə edib, minnətdarlıqlarını bildiriblər.

Yaralı hərbçimizin ailəsi ilə səmimi söhbət edən icra başçısı nəinki bu ailənin, eləcə də bütün şəhidlərimizin, hərbçilərimizin, əsgərlərimizin, onların ailələrinin hər cür diqqət və qayğıya layiq olduqlarını bildirib. 





GOYEZEN.AZ


Facebook-da paylaş