Qazaxda 9 May - Qələbə Günü qeyd olunub
Bu gün
fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm
töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600
mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş
meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə
130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,
170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı,
402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu
keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad,
Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda
rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya,
Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri
saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən
Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti
gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı
müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş
etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz
rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi
neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi
Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya
səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb.
Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və
isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində
Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Ümummilli
lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının
problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və
sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz ulu öndərin
ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi
haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən
başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ümummilli lider
müharibə veteranlarını "Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər
Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci
Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına
həssaslıqla yanaşır.
Qələbə
bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının
artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı
sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2019-cu
il 23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına
1000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin
arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun
və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı
ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi
iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı
əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may
tarixli Sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın
fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min
manat ayrılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına
hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca
prioritetlərindən biridir.
Sevindirici
haldır ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın
mərd oğullarının da böyük payı olub. Hazırda Qazaxda həmin müharibədə iştirak
edən 3 nəfər Böyük Vətən Müharibəsi
iştirakçısı yaşayır.
İkinci
Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da yüksək əhval-ruhiyyədə qeyd olunub. Bu gün
rayon rəhbərliyinin tapşırığına əsasən bu əlamətdar gün münasibətilə Böyük
Vətən Müharibəsinin iştirakçıları – şəhər sakini Xanqulu Süleymanov, Aşağı
Əskipara kənd sakini Hümbət Alıyev və Daş Salahlı kənd sakini Abbas Şərifov yad
edilib.
Qazax Rayon
İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul
işçiləri Səba Paşayeva və Vəfa Cəbiyeva Böyük Vətən Müharibəsi iştirakçılarının
evlərində olub, hədiyyələr təqdim ediblər. Nurani insanlara Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi salamlarını və bayram
təbriklərini çatdırıblar. İcra başçısının rayonda bu qəbildən olan insanlara
göstərdiyi səmimi münasibətindən, qayğısından danışıb, onların daim diqqət
mərkəzində saxlanıldıqlarını bildiriblər. İkinci Dünya
müharibəsi veteranlarının xalqımızın fəxri olduqlarını diqqətə çatdırıblar.
Qeyd ediblər ki, sizlərin müharibə illərində göstərdiyiniz qəhrəmanlıq bu gün də
böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad
olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində
misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.
Böyük Vətən
Müharibəsinin iştirakçıları və ailə üzvləri onları təbrikə gələn qonaqları
salamlayıb, rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər
ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə
yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir.
Bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrikə gəldiyinizə
görə ailəmiz adından icra başçısına öz dərin minnətdarlığımızı bildiririk. Qoy
bizim kimi ahıl çağlarını yaşayan insanları yada saldığına görə Uca Yaradan da
onu hifz etsin. Allah ona və sizə gələcək işlərinizdə yardımçı olsun.
Səmimi və bayram əhval-ruhiyyəli görüşdə
qonaqlar xatirə şəkli çəkdiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş