• Təqvim

  • Maraq



Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub

Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
Ermənistanla 168 km sərhəddi olan Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda. Şəhidlərin adını uca tutmaq, əziz xatirələrini yad etmək isə hər bir insanın vətəndaşlıq borcudur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim xüsusi diqqət və qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Rayon rəhbərliyi tərəfindən Vətən uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması Qazax rayonunda artıq bir ənənə şəklini alıb.

Bu gün daha bir Milli Qəhrəmanın - Alıcanov Rafiq Cəfər oğlunun doğum günü qeyd olunub. Bu münasibətlə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanında tədbir keçirilib.

Tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, Milli Qəhrəmanın qohumları, təhsil işçiləri, məktəb direktorları, Qarabağ müharibəsi əlilləri, KİV nümayəndələri iştirak edib.

Milli Qəhrəmanın ruhuna fatihə surəsi oxunduqdan sonra xiyabanda şəkli əks olunmuş lövhə önünə tər qərənfillər düzülüb, əziz xatirəsi yad olunub.
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək dövlət tərəfindən respublikamızda, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid veribdir. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür. Həmin qəhrəmanlardan biri də Rafiq Alıcanovdur. Bu gün onun əziz xatirəsini yad etmək bizim hər birimizin vətəndaşlıq borcudur. Biz şəhidlərimizin doğum günlərini qeyd etməklə həm onları yad etmiş oluruq, həm də Milli Qəhrəmanlarımızı gənc nəsillərə tanıdırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır.
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
Milli Qəhrəmanın əmisi oğlu Tahir Alıcanov çıxış edərək ailə üzvləri adından şəhidlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhidlərin, eləcə də əmisi oğlu Rafiq Alıcanovun xatirəsini əziz tutduğuna görə öz təşəkkürlərini çatdırıb.

Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova çıxış edərək Milli Qəhrəmanın həyatından, torpaqlarımızın müdafiəsi zamanı keçdiyi döyüş yolundan söz açıb. Qəhrəmanlarımızın gənc nəsillərə tanıdılmasında bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Milli Qəhrəmanın keçdiyi döyüş yolunun gənc və yeniyetmələr üçün bir örnək olduğunu qeyd edib.

Məlumat üçün qeyd edək ki, Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır.

1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir.

Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd olunub
GOYEZEN.AZ


Facebook-da paylaş