Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 9 May - Qələbə Günü qeyd olunub
Qazaxda 9 May - Qələbə Günü qeyd olunub9-05-2019, 20:16 |
Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ümummilli lider müharibə veteranlarını "Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına 1000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli Sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min manat ayrılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Sevindirici haldır ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının da böyük payı olub. Hazırda Qazaxda həmin müharibədə iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək əhval-ruhiyyədə qeyd olunub. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən bu əlamətdar gün münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçıları – şəhər sakini Xanqulu Süleymanov, Aşağı Əskipara kənd sakini Hümbət Alıyev və Daş Salahlı kənd sakini Abbas Şərifov yad edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul işçiləri Səba Paşayeva və Vəfa Cəbiyeva Böyük Vətən Müharibəsi iştirakçılarının evlərində olub, hədiyyələr təqdim ediblər. Nurani insanlara Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi salamlarını və bayram təbriklərini çatdırıblar. İcra başçısının rayonda bu qəbildən olan insanlara göstərdiyi səmimi münasibətindən, qayğısından danışıb, onların daim diqqət mərkəzində saxlanıldıqlarını bildiriblər. İkinci Dünya müharibəsi veteranlarının xalqımızın fəxri olduqlarını diqqətə çatdırıblar. Qeyd ediblər ki, sizlərin müharibə illərində göstərdiyiniz qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Böyük Vətən Müharibəsinin iştirakçıları və ailə üzvləri onları təbrikə gələn qonaqları salamlayıb, rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrikə gəldiyinizə görə ailəmiz adından icra başçısına öz dərin minnətdarlığımızı bildiririk. Qoy bizim kimi ahıl çağlarını yaşayan insanları yada saldığına görə Uca Yaradan da onu hifz etsin. Allah ona və sizə gələcək işlərinizdə yardımçı olsun. Səmimi və bayram əhval-ruhiyyəli görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.
GOYEZEN.AZ Geri qayıt |