İcra başçısı Tovuz döyüşlərində yaralanmış çavuş Səyyar İsmayılovu evində ziyarət edib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi Asif Məmmədli Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğlunu evində ziyarət ediblər.
"Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir”, - deyən icra başçısı hərbçimizə sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini çatdırıb. Vətən uğrunda igidcəsinə döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzulayıb.
2016-cı ilin Aprel döyüşlərində də
iştirak etdiyini bildirən hərbçimiz Vətəni üçün döyüşdə yenə də öndə getməyə, ölkə
başçısı, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini yerinə yetirməyə hazır
olduğunu bildirib. S.İsmayılov qeyd edib ki, bir hərbçi kimi fərəhləndim,
qürurlandım ki, arxamızda dövlətimiz və ölkə rəhbərimiz dayanıb. Dövlətin, dövlət
başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən S.İsmayılov xəstəxanada
olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirib. O, xəstəxanada
olan zaman ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə, hüquq-mühafizə
orqanlarının rəhbərlərinə minnətdarlığını bildirib. S.İsmayılov həkimlərimizə
minnətdarlıq etməyi də unutmayıb. O, başda Roman həkim olmaqla, Niyaməddin həkimə, Anar həkimə,
Səxavət həkimə, eləcə də adlarını çəkə bilmədiyi həkimlərimizə, tibb
işçilərimizə yaralı əsgər və zabitlərimizə göstərdikləri qayğıya, şəfqətə görə
təşəkkürlərini çatdırıb.
Hərbçimizin qardaşı Sərdar
İsmayılov isə qeyd edib ki, "Bu gün qardaşım da, mən də Vətən yolunda
canımızdan keçməyə hazırıq. Çünki biz nə Vətənimizi, nə də düşmən gülləsi ilə
üz-üzə dayanan soydaşlarımızı dar gündə tək qoya bilmərik. Bu gün hər birimiz
bir nəfər kimi Vətən, el-oba uğrunda döyüşməyə hazır olmalıyıq”.
Hərbçimizin anası Fəranə
İsmayılova da ailə üzvləri adından övladına göstərilən qayğıya görə ölkə Prezidentinə
və rayon rəhbərliyinə razılığını ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş