Yaralı Süleyman Məlikovun atası övladına göstərilən qayğıya görə razılıq edir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı haqq savaşı 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfəri, Qələbəsi ilə başa çatdı. Şanlı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən və yaralanan hərbçilərimizdən biri də Məlikov Süleyman Osman oğludur. O, 29 dekabr 1990-cı ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbi bitirib. Orta təhsillidir. 2017-ci ilin 7 fevralındanAzərbaycan Ordusunun "N” saylı hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayan Süleyman və döyüş yoldaşları ilə birlikdə elə bir tarixi Qələbə qazandı ki, illər keçəcək və o qələbə unudulmayacaq.
Ölümün gözünə dik baxaraq döyüş yoldaşları, silahdaşları ilə birlikdə bir amal uğrunda – illərdir işğal altında olan torpaqlarımızı azad etmək üçün savaşan Süleyman Məlikov 20 oktyabr 2020-ci il tarixdə dilbər guşəmiz olan Qubadlının düşmən tapdağından azad edilməsi zamanı gedən döyüşlərdə sağ ayaq nahiyyəsindən güllə yarası alıb.
44 günlük savaşdan, döyüşdən sonra Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran Süleyman kimi oğullarımızı hər birimiz tanımalı, tanıtmalıyıq. Onlara daim qayğı göstərmək hər birimizin borcu olmalıdır.
Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və olmaqdadır. Fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşan, diqqət ayıran rayon rəhbərliyi bunu hər bir addımı ilə sübut edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov digər yaralılarımız kimi Süleyman Məlikovun da evində olmuş, yaralımızı ziyarət edərək qayğıları ilə maraqlanmışdır. Rayon rəhbərliyi tərəfindən yaralımıza göstərilən qayğı bu gün də davam etdirilir.
Hərbçimizin atası Osman Məlikov övladı və onun kimi igid Vətən oğulları ilə fəxr etdiyini, qürurlandığını söyləyir. Ailə üzvləri adından Süleymana və digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını bildirir.
Minnətdarlıq və razılıq dolu həmin videonu təqdim edirik.
GOYEZEN.AZ
Facebook-da paylaş