Qazaxda Vətən müharibəsi şəhidləri kapitan İmamverdi İsmayılov və əsgər İlqar Hüseynovun ildönümlərində xatirələri anılıb
44 günlük müharibədə tarix yazan Azərbaycan! 2020-ci ilin 27 sentyabrından başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütöv Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. "Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğulları - kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu və əsgər Hüseynov İlqar Yaşar oğlunun ildönümləri qeyd olunub.
İldönümü mərasimlərində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid İmamverdi İsmayılovun vaxtilə təhsil aldıdğı İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin, şəhid İlqar Hüseynovun vaxtilə təhsil aldığı Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktorları, müəllimləri, şəhidlərimizin sinif rəhbərləri, ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər.
Şəhid İmamverdi İsmayılovun Ağköynək kənd və İlqar Hüseynovun şəhərdəki şəhidlər qəbiristanlığında yerləşən məzarları ziyarət olunub, tər qərənfillər düzülərək ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin məzarları başında çıxış edərək hər iki şəhidimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə kapitan İmamverdinin və əsgər İlqarın da payı olduğunu bildirib. Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri şücaətdən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.
"Şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaət onu deməyə əsas verir ki, igid Vətən oğulları yaşlarının az olmasına baxmayaraq şərəfli bir yol keçiblər. Bu gün İmamverdi İsmayılovun, İlqar Hüseynovun igidlikləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. İmamverdi İsmayılov 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları, İlqar Hüseynov "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunublar. Bu orden və medallar şəhidlərimizin qəhrəmanlığından, Vətəni canları bahasına qorumaqlarından xəbər verir”, - deyən icra başçısı belə igid Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib.
Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan İmamverdinin, İlqarın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın, işğaldan azad etdikləri torpaqların övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.
"Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı vardır. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.
İcra başçısı Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən məqsədyönlü işlərdən söz açaraq həmin işləri igid Vətən oğullarına olan hörmət və ehtiram kimi qiymətləndirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs ünvana çevrildiyini bildirib.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.
Şəhid atası Yaşar Hüseynov, şəhid anası Gözəl Orucova şəhid ailəsi kimi hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.
Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun ildönümü
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun ildönümü
Kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu
İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində "N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.
Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.
Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni və "Vətən uğrunda” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Əsgər Hüseynov İlqar Yaşar oğlu
İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu qəhrəmancasına şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bizim hər birimizin vətəndaş olaraq borcu və vəzifəsi şəhidlərimizi hər an yad etmək, onları daim hörmət və ehtiramla anmaqdır. Bütün şəhidlərimiz kimi şəhid İmamverdi İsmayılovun və İlqar Hüseynovun da əziz xatirəsini dərin ehtiramla yad edirik. İgid Vətən oğullarının ruhu qarşısında baş əyərək ailələrinə və yaxınlarına bir daha başsağlığı veririk.
GOYEZEN.AZ
Facebook-da paylaş