Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının anım günündə xatirəsi yad edilib
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 27 il ötür
Bu gün – iyulun 26-sı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anım günüdür. 1995-ci ilin bu günündə gözlərini əbədi yuman dəyərli ziyalımız onu sevərlərin qəlbində əbədi yaşayır. 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olan, koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustasının xatirəsi hər zaman əziz tutulur.
İyulun 26-da görkəmli ədibin anım günündə xatirəsi yad olunub. Bu günlərdə əsaslı təmirdən sonra yenidən rayon sakinlərinin istifadəsinə verilən Xalq yazıçısının adını daşıyan parkda anım tədbiri keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, təhsil, mədəniyyət işçiləri, təqaüddə olan təhsil işçiləri, Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbin müəllimləri, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə görkəmli ədibin adını daşıyan parkda yerləşən büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını bildirib, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, bu gün dəyərli ziyalımızın, İsmayıl Şıxlının ildönümüdür. 27 ildir ki, artıq o, bizim aramızda yoxdur. Lakin illər ötsə belə İsmayıl Şıxlı şəxsiyyəti bizim qəlbimizdə əbədi yaşayır, əziz xatirəsi ən ülvi hisslərlə yad olunur. Rayon rəhbəri qeyd edib ki, İsmayıl Şıxlı Xalq yazıçısı olaraq, eyni zamanda dəyərli ziyalı olaraq Azərbaycan xalqının, xüsuilə də qazaxlıların sevgisini qazanıb. Dövlətinə, xalqına xidmət göstərən dəyərli ziyalılarımızdan biri olub. Onun keçdiyi yollara qısaca nəzər salsaq görərik ki, İsmayıl Şıxlı nəinki müstəqilliyimiz zamanında, hətta, sovetlər dövründə də öz xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib. Onun yazdığı hər bir əsər bu gün belə xalqa xidmət göstərmişdir. Müstəqillik dövründən sonra Ulu Öndər Heydər Əliyev bütün ziyalılara olduğu kimi, Xalq yazıçısı İsmayıl Şıxlı şəxsiyyətinə də böyük hörmət və diqqət ayırmışdır. İsmayıl Şıxlı Azərbaycan Yazıçılar Birliyinin sədri olarkən hər zaman dövlətə layiqli xidmət göstərmişdir. Onun bu xidmətinə Ulu Öndər yüksək qiymət vermişdir. Dövlətimizin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtda da İsmayıl Şıxlı kimi şəxsiyyətlər Ulu Öndərin ətrafında birləşmişdir. 1990-1995-ci illərdə daim Qazaxda olmuş, ən çətin zamanlarda həmyerlilərinin köməyinə çatmış, dəfələrlə sərhəd bölgələrində olaraq hər zaman orada yaşayan insanların yanında olduğunu səmimi münasibəti, qayğısı, ən əsası da sözünün qedrəti ilə hiss etdirmişdir. Dövlətimizin çətin günündə, xoş anında İsmayıl Şıxlı bir ziyalı olaraq hər zaman öz münasibətini, mövqeyini bildirmişdir.
İcra başçısı qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncam təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyər oldu. Bu Sərəncam ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir. İcra başçısı Sərəncama əsasən Xalq yazıçısının 100 illik yubileyinin Qazaxda da silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş şeir, inşa yazı, rəsm müsabiqələrinin keçirildiyini vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən ikinci böyük qiymət o oldu ki, ölkə başçısının, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən quruldu. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2021-ci ilin 11 sentyabrında məktəbin qarşısında görkəmli şəxsiyyətin büstünün açılışı oldu. 2022-ci ildə Xalq yazıçısının adını daşıyan park əsaslı şəkildə təmir olunaraq iyulun 7-də İsmayıl sevərlərin istifadəsinə verildi. Rayon rəhbəri parkın yenidən qurulmasını görkəmli şəxsiyyətə verilən qiymətin daha bir bariz nümunəsi, görülmüş işlərin davamı kimi qiymətləndirib. İcra başçısı bildirib ki, bu gün sevindirici haldır ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində vaxtilə İsmayıl Şıxlının təhsil aldığı Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Bu, ölkəmizdə təhsilə, ziyalıya, tarixi keçmişə verilən qiymətin əyani təzahürüdür. Rayon rəhbəri illər ötsə belə İsmayıl Şıxlı şəxsiyyətinin ziyalı kimi qoyduğu izdən bugünkü və gələcək nəsillərin bəhrələnəcəyini, onun yazdığı əsərlərin bundan sonra da sevilə-sevilə oxunacağını, əsərlərində olan fikirlərdən örnək götürüləcəyini bildirib. İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarına iştiraklarına görə bir daha razılığını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bu günün əhəmiyyətini vurğulayb. B.Vüsal bildirib ki, söz bu gün öz qüdrətini hələ saxlayırsa və lazımi şəkildə milli dəyərlərin inkişafında həmişə xalqımıza, millətimizə kömək olursa, biz bunun üçün böyük sənətkarlara, sözü qoruyanlara, yaşadanlara, yaradanlara borcluyuq. Sözü yaşadan insanlardan biri də bizim, Azərbaycanın Xalq yazıçısı, qüdrətli sənətkarımız İsmayıl Şıxlıdır. “İsmayıl Şıxlı Qazaxı müasir şəhərlər sırasında görməyi arzu edərdi”, - deyən B.Vüsal bu gün onun arzusunun reallaşdığını, Qazaxın ildən-ilə, gündə-günə abadlaşdığını qeyd edib, buna görə ölkə Prezidentinə və rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Bu günlərdə Şuşada keçirilən Vaqif Poeziya günlərində iştirakından və təəssüratlarından söz açan şair həmin günlərin yaddaşına ən ülvi hisslərlə yazıldığını qeyd edib. Vaqif Poeziya günlərinin keçirilməsinin sözə, sözün qüdrətinə verilən ən böyük qiymət olduğunu diqqətə çatdırıb. B.Vüsal qeyd edib ki, İsmayıl Şıxlı o şəxsiyyətlərdən idi ki, əsərində qeyd etdiyi vicdan kimiydi. İsmayıl Şıxlı kimi insanlar ustad yanında, Mehdi Hüseyn kimi şəxsiyyətdən dərs almışdılar. Xalq İsmayıl Şıxlını ona görə sevirdi ki, onun yerişi, duruşu, baxışı, sözünün hər biri bir əsər idi. Onun “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları xalqımız tərəfindən sevilən əsərlər sırasındadır. “İsmayıl Şıxlı XX əsr Azərbaycan nəsrinin Səməd Vurğunudur. İsmayıl Şıxlı müəllim kimi formalaşdı, ancaq yaddaşlarda bir məktəb kimi qaldı. Kişilik məktəbi, ziyalılıq rəmzi kimi yaddaşlara əbədi həkk olundu”, - deyən B.Vüsal illər ötsə belə hər iki dahi şəxsiyyətin xalqımız tərəfindən bundan sonra da ehtiramla yad olunacağını söyləyib. “İsmayıl Şıxlını mən hardan alım” şeirini söyləyən B.Vüsal onun qəlbində olan yerini heç nəyin doldura bilməyəcəyini söyləyib.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. M.Yusifov qeyd edib ki, bu gün Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı təmir olunması və həyətində büstünün qoyulması ölməz ziyalımıza verilən ən böyük dəyərdir. Bu gün həmin məktəb İsmayıl Şıxlı məbədidir. İsmayıl Şıxlı elə bir şəxsiyyət, elə bir fundamental insandır ki, o, ssenarist, ədəbiyyatçı, publisist, yazıçı, alim kimi Azərbaycan ədəbiyyatında yüksək bir zirvədə dayanıb. İsmayıl Şıxlı yaradıcılığna hansı bucaqdan baxılsa da ondan nəsə öyrənmək olur. Bu gün keçirilən tədbirin əhəmiyyəti ondan ibarətdir ki, yerdən qalxan gənc nəsil dahi şəxsiyyətin yaradıcılığından bəhrələnmək imkanı əldə edir.
AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu çıxış edərək Xalq yazıçısının adını daşıyan parkın əsaslı şəkildə təmir olunmasına və yenidən sakinlərin istifadəsinə verilməsinə görə bir ziyalı kimi minnətdarlığını bildirib. İsmayıl Şıxlı ilə olan xatirələrindən danışan M.Rasimoğlu onu daim ehtiramla yad edəcəyini, illər ötsə belə unutmayacağını qeyd edib. Xalq yazıçısını onun xatirəsinə yazdığı şeirlə bir daha ehtiramla anıb.
Şair Məzahir Yaqub çıxışında bildirib ki, əsl ziyalı kimdir sualına cavab tapmaq üçün İsmayıl Şıxlı şəxsiyyətinə, onun yaradıcılığına üz tutmaq kifayət edir. Biz İsmayıl Şıxlını bir yazıçı kimi sevmədik, həm də o vaxt bir millət vəkili kimi, xalqın taleyi ilə bağlı məsələlərin həllinə çalışan, dövlətin ərazi bütövlüyü üçün mərdliklə çarpışan vətənpərvər bir Vətən oğlu kimi tanıdıq və sevdik. İsmayıl Şıxlı dünyası türk dünyası üçün bir həyat məktəbidir.
Xalq yazıçısının tələbəsi olmuş, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sənətə və sənətkara dəyər verən, qayğı göstərən rayon rəhbərliyinə minnətdarlığını bildirib. “Bu gün fəxrlə, qürurla demək istəyirəm ki, mən İsmayıl Şıxlı kimi bir şəxsiyyətin tələbəsi olmuşam. İsmayıl müəllim mənə xarici ölkələr ədəbiyyatından dərs deyib. Bu gün burada İsmayıl müəllim haqqında danışılanların gerçək, real şahidi mənəm. Çünki İsmayıl müəllimin sadə, səmimi, təvazökar insan olduğunun şahidi olmuşam. O, Azərbaycan Yazıçılar İttifaqına sədr seçiləndə biz tələbələri məyus olduq. Lakin çox keçmədi ki, İsmayıl Şıxlı geri qaytdı və həyatda yaşamaq səbəbinin müəllimlik peşəsinin, biz tələbələrinin olduğunu söylədi. Biz o zaman İsmayıl müəllimin simasında müəllimlik peşəsinin necə yüksək bir zirvədə dayandığını dərk etdik. Biz İsmayıl Şıxlını həmişə öz sözünü hər yerdə deməyi bacaran bir şəxsiyyət kimi tanıdıq və sevdik. İsmayıl Şıxlı kişilik ləyaqəti, kişilik simvolu idi. İsmayıl Şıxlıya sual versəydin ki, Vətən sənin üçün nədir? Deyərdi ki, Vətən mənim üçün Azərbaycandır, Bakıdır, Qazaxdır, Şıxlı kəndindəki tut ağacının altındakı evimizdir. İsmayıl Şıxlı hətta, öz əsərlərindəki qəhrəmanları belə öz Vətənində öldürürdü. Bu gün fəxrlə deyə bilərik ki, İsmayıl Şıxlının da Vətən niskilinə son qoyulub. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin, qazilərimizin sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. Əminəm ki, İsmayıl müəllim həmin savaşda vuruşan igid oğullarımızın qəhrəmanlığını görsəydi deyərdi ki, mən bu ömrü əbəs yerə yaşamadım”.
Şairə Tamella Poladlı çıxış edərək Xalq yazıçısına həsr etdiyi şeirlə əziz xatirəsini yad edib.
Xalq yazıçısı İsmayıl Şıxlının bacısı oğlu Sabit Məmmədov görkəmli şəxsiyyət olan İsmayıl Şıxlının xatirəsinin əziz tutulmasına, anım gününə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkil olunmasına görə ailəsi və öz adından minnətdarlığını bildirib.
Sonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin 5-ci sinif şagirdi Xədicə Qasımlı, 3-cü sinif şagirdi Aymən Əsədzadə çıxış edərək görkəmli ədibə həsr olunmuş şeir töhfələrini təqdim ediblər.
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park əsaslı təmirdən sonra
Xalq yazıçısı İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd tam orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm”.
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı... Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.
Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.
"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş