İcra başçısının iyul ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Orta Salahlı kəndində olub
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti
başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri
zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim
xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə
görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini
yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və
tövsiyələr onu deməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət
siyasətinin əsasını təşkil edir. Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət
göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla
yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini
narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli
sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən bərpa
edilən Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən
səyyar qəbulları da bu məqsədə xidmət edir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq
icra başçısının iyul ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar
görüşü Orta Salahlı kəndində olub. İyulun 7-də rayonun hüquq-mühafizə orqanlarının,
aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd
sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbərinin vətəndaşlara olan qayğısından
söz açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək
sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı
sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun
dayandığını qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud
vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri
operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti
təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra
başçısı bütün kəndlərimiz kimi, Orta Salahlı kəndindən də torpaqlarımızın
azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman
kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1
nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 3
nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44
günlük Vətən müharibəsində Orta Salahlı kəndindən 55 nəfərin iştirak etdiyini,
onlardan 24 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin
müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında
göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri
bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon
rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə,
şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44
günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər
igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən
sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın
azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Vəliyev
Anar Həmzə oğlunun göstərdiyi şücaətin gələcək
nəsillərə örnək olacağını vurğulayıb. Döyüşlərdə 10 nəfərin yaralandığını
bildirən icra başçısı şəhid ailələri kimi, onların da daim qayğı ilə əhatə
olunduqlarını vurğulayıb. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44
günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma
həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla
anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev,
Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və
qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə
götürüləcəyini bildirib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə
qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş
əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının
yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün
örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas
götürüldüyünü bildirib. Son illər rayonda kənd təsərrüfatının inkişaf
etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş
işlərdən söz açan icra başçısı Orta Salahlı kəndində də əkin sahəsinin artdığını
qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Orta Salahlı kəndində əkin
sahəsinin 420 hektardan 732 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin
sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə
də arx və kanallarla bağlı Orta Salahlı kəndində xeyli işlər görüldüyünü
bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu
kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə
görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Bütün
kəndlərdə, o cümlədən də Orta Salahlı kəndində mövcud olan sudan qənaətlə,
səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu,
suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb. Ötən illər ərzində Orta Salahlı kəndində sakinlərlə
keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş
işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə
həssaslıqla yanaşıldığını söyləyib. Kənddə ən böyük problemlərdən olan içməli
su probleminin aradan qaldırıldığını bildirib. Təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan
icra başçısı Orta Salahlı kənd tam orta məktəbin təmir olunmasının nəzərdə
tutulduğunu, Dövlət Proqramında da əksini tapdığını söyləyib. İcra başçısı qeyd edib ki, ADA Universitetinin
"Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan
Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə
olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon
rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil
sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil
işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü
çatdırıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi
yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən
işlərdən söz açıb. Orta Salahlı kəndində də elektrik dayaqlarının
yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu
vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, Kür
çayının ətrafında sahilbərkitmə işlərinin aparılması üçün aidiyyəti orqanlar
qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını vurğulayıb. Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon
Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu
ziyan barədə gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin
gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində
narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini
vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə
səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması
sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı,
müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü
qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı
hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd
edib. Sonra icra başçısı sakinləri narahat edən məsələləri
dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Nəbi Babacanov, Nazim
Qınnayev, III dərəcəli Vətən müharibəsi əlili Turac Nəzərov və
başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün
də davam etdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son
illər rayonda, o cümlədən də Orta Salahlı kəndində görülən işlərdən danışan
sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini
bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha
dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında
keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən
də söz açıblar. Sakinlərdən Səid
Abdulkərimovun əhalinin keyfiyyətli elektrik enerjisi ilə
təmin edilməsi üçün 10 KV-luq Aşağı Salahlı hava xəttinin Qazaxbəyli
yarımstansiyasına qoşulması, Afiq Məmmədovun 270 şagird yerlik Orta Salahlı
kənd tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri
səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş