Qazaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı bayram tədbiri keçirilib
Bu gün dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününün 29 illiyini qeyd edirik. Həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin, şanlı Zəfərin qürurunu yaşayaraq, ölkə başçısının "Şuşa İli” elan etdiyi bir ildə böyük fəxarət hissi ilə təntənə ilə qeyd edirik. Ən əsası da Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdiyini, bu gün Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun tarixini Azərbaycan dövlətçiliyinin xilas günü olduğunu bir an olsun belə unutmuruq, unutmayacağıq da...
Respublikamızın hər yerində olduğu kimi, 15 İyun – Milli Qurtuluş Günü Qazaxda da böyük təntənə ilə qeyd olunub.
Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Dövlət Sərhəd Xidmətinin hərbçiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, tələbələr, gənclər, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, tarixi günün əhəmiyyətindən söz açıblar.
Bayram əhval-ruhiyyəli tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı işğaldan azad edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şirin canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Məhz bu səbəblərə görə Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.
Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.
Azərbaycan xalqının Milli Qurtuluş Qünü - Azərbaycan Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
İcra başçısı bildirib ki bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Belə ki, son 19 ildəAzərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
Rayon rəhbəri artıq iki ildir ki, Azərbaycan xalqının Qurtuluş Gününü əsl bayram əhval-ruhiyyəsi ilə qeyd etdiyini söyləyib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 10-da - noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək. Halbuki əgər onlar müharibənin ilk günlərində deyilən sözlərə əməl etsəydilər və Azərbaycana işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi. Müharibə dövründə Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə bizə tarix versin, nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq demişdir. Belə də oldu. Ancaq məcburən bunu etdilər. 44 gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı və biz bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıq. Beləliklə, biz müharibəni təkbaşına, heç bir vasitəçi olmadan hərbi-siyasi yollarla həll etdik. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
İcra başçısı bildirib ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
"Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”, - deyən icra başçısı sonda bir daha 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, hər kəsə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Milli Qurtuluş bayramı münasibətilə təbrik edib, xoş ürək sözlərini çatdırıb. Millət vəkili qeyd edib ki, Azərbaycanı siyasi xəritədən silmək, millətimizi məhv etmək, məmləkətimizi parçalamaq planları mövcud idi. Müdrik xalqımız var ki, tarixi, həlledici bir dövrdə Ümummilli Lider Heydər Əliyevin müdrikliyinə, onun şəxsiyyətinə güvəndi, onu çağırdı, hakimiyyətə gətirdi. Çünki xalqımız yaxşı bilirdi ki, onun gücü Azərbaycanı bu bəlalardan xilas edə bilərdi. Millət vəkili Ulu Öndərin silahlı insanların qarşısına silahsız çıxması, söz deyənlərə yüksək məntiqi çıxışlar etməsi, iradəsi, düşüncə və fikirləri ilə cavab verməsi, ən əsası da millətinə, xalqına, Azərbaycanına öz həyatını həsr etməsi ilə dövlətimizi qoruduğunu qeyd edib. "Şəhidlərimiz bizim üçün müqəddəsdir”, - deyən millət vəkili canlarından keçərək qəhrəmanlığın yüksək səviyyəsini bizlərə göstərən oğullarımızın daim qəlbimizdə yaşayacağını bildirib. O qəhrəmanlıq ki, doğma Qarabağımızın, Şuşamızın azad olunmasında özünü göstərdi. Millət vəkili həmin qəhrəmanlığın əsasını, bünövrəsini, fəlsəfəsini Ulu Öndər Heydər Əliyevin qoyduğunu, azərbaycançılığı yaratdığını söyləyib. "Biz istəsək də, istəməsək də tarix yazılacaq. Ancaq onun yazılmağında müxtəlif tərzlər ola bilər. Bir tərz odur ki, sən tarixi yazmırsan, yazmaq iqtidarında deyilsənsə, sənin əvəzinə yazırlar. Biz Ulu Öndərin fəlsəfəsi sayəsində belə bir tarixdən qurtulduq. İkinci bir tarix var ki, o faicələrlə dolu bir tarixdir. İşğal tarixi, Xocalının tarixidir. O tarixdir ki, ağrını, acını, qanı yerdə qoymaq təhlükəsini içində ehtiva edən bir tarixdir. Bu tarixi bizə yazdırmaq istəyirdilər. Bu tarixi də dəyişdirən məhz Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin gördüyü işlərdir. Üçüncü tərz var ki, qəhrəmanlıq tarixidir. Bu gün yazılan Azərbaycanın müasir qəhrəmanlıq tarixidir. Bu gün xalq olaraq bu tarixi bu tərzdə yazan insanlara - Ümummilli Lider Heydər Əliyevə, onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olmalıyıq”.
Sonra tədbirin bədii hissəsinə Ulu Öndər Heydər Əliyevin səsi ilə "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” söyləməsi və Qazax Rayon Mədəniyyət Mərkəzinin "Göyəzən” instrumental ansamblının ifasında F.Əmirovun "Qarabağ” kompozisiyasının səsləndirilməsi ilə start verilib. Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin "Zəfər” xor qrupunun təqdim etdiyi "Biz gəlirik”, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin "Xarı Bülbül” uşaq qrupunun təqdim etdiyi "Azərbaycan”, Türkan Rəhimovanın ifasında "Əziz ana”, Vüsal Osmanlının ifasında "Nə gözəldir Azərbaycan”, Şəadət Nəzərovun ifasında "Dünya sənin, dünya mənim” mahnıları, Dövlət Sərhəd Xidmətinin giziri Hüşən Həsənovun mahnı töhfəsi tədbirə toplaşanlara xoş ovqat bəxş edib. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında "Ləzginka”, "Uzun dərə” rəqsləri maraqla izlənilib. Aşıq Yaşar Gülümcanovun "Dur gedək Qazaxa bir salam deyək” söyləməsi, Aşıq Samir Cəlaloğlunun "Misri” havası üstə səsləndirdiyi şeir bayram tədbirinə daha bir rəng qatıb. Bakıdan dəvət olumuş qonaqlar Tural Qismət və Nigar Şakirqızının bir-birindən şən-şux mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ulu Öndərin səsi ilə "Azərbaycan” şeirinin səsləndirilməsi, Sarif Vəliyevin ifasında səslənən "Sən elə bir zirvəsən” mahnısı ilə bayram tədbiri başa çatıb. Sonda xatirə şəkli çəkdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş