• Təqvim

  • Maraq



Qazaxda Birinci Qarabağ müharibəsi şəhidi Tahir Xasməmmədovun doğulduğu Qarapapaq kəndində adını əbədiləşdirən bulağın açılışı olub

Qazaxda bütün şəhidlərimiz kimi, Birinci Qarabağ müharibəsi şəhidi Xasməmmədov Tahir Mübariz oğlunun da adı əbədiləşdirilib.

Şəhidimizin doğulub boya-başa çatdığı Qarapapaq kəndində adını əbədiləşdirən bulaq inşa olunub. Mayın 23-də igid Vətən oğlunun adını daşıyan həmin bulağın açılışı olub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin müəllimləri, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, kənd ağsaqqalları, ziyalıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər. 

 

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.


 

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını bildirib. İcra başçısı şəhidimizə Allahdan rəhmət diləyərək əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. "Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi, hər iki müharibə şəhidləri, qaziləri bizim üçün əzizdir, doğmadır. Hər iki müharibədə qəhrəman oğullarımız canları, qanları bahasına torpaqlarımız uğrunda vuruşublar”, - deyən icra başçısı illər keçsə belə bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, xatirələrinin əziz tutulacağını bildirib.

 

44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun həmin müharibədə tarix yazdığını, həm torpaqlarımızı düşməndən azad etdiyini, həm də Birinci Qarabağ müharibəsində şəhid olan igid oğullarımızın, bütün şəhidlərimizin qisaslarını aldıqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda bundan sonra da örnək və nümunə götürüləcəyini bildirib.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. B.Vüsal qeyd edib ki, bu gün Azərbaycan qalib xalq kimi tanınırsa, buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq. "Hər iki müharibədə, istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində iştirak edən hər bir oğul bizim üçün qəhrəmandır. Bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Vətən uğrunda həlak olmaq nə qədər dəyərli bir işdirsə, şəhidlərimizin xatirəsini əziz tutmaq ondan da dəyərlidir”, - deyən şair şəhidlərimizlə hər zaman qürur duyulacağını qeyd edib. "Bayraq yaşar” adlı şeirini səsləndirən B.Vüsal sonda şəhidimizi bir daha ehtiramla anıb.                         

 

Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib.

 

Kənd ağsaqqalı, təqaüdçü müəllim Məsud Nəbiyev şəhid Tahir Xasməmmədov haqqında fikirlərini bölüşərək oxuduğu məktəbdə bütün tədbirlərdə nümunəvi şagird kimi öndə olduğunu söyləyib. "Tahir şəhidliyi ilə zirvəyə ucaldı. Şəhidliyə ucalmaqla kəndimizin adını da ucaltdı. Bu gün bizlər şəhidlərimizin valideynlərinə minnətdarıq ki, belə qəhrəman oğullar böyüdüblər”, - deyən M.Nəbiyev bütün şəhidlərimizlə fəxr etdiklərini qeyd edib.


Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onlarla qürur duyduğunu söyləyb. "Şəhidlərimiz hamının balasıdır. Bu gün Tahir kimi oğullarımızın ruhu şaddır. Onların qisası döyüş meydanında alındı. Şəhidlərimiz bizim bugünkü firavan həyatımız üçün canlarından keçdilər”, - deyən şəhid atası illər ötsə belə şəhidlərimizin unudulmayacağını söyləyib.

 

Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək bulağın yenidən bərpa olunmasına görə rayon rəhbərliyinə, əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə öz adından və şəhidin ailəsi adından təşəkkürünü çatdırıb.

 

Şəhidin qardaşı Firuz Xasməmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıq edib. Şəhid ailəsi olaraq hər zaman dövlətin qayğısını hiss etdiklərini vurğulayıb. Qardaşının adını daşıyan bulağın yenidən təmir olunmasını həmin qayğının davamı kimi qiymətləndirib və buna görə rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü çatdırıb.

 

Xasməmmədov Tahir Mübariz oğlu 27 fevral 1974-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1981-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbinə daxil olaraq qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti zamanı Murov dağda, Yandaq kəndində, Laçın rayonunda olan döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin fevral ayının 12-də Murov dağ döyüşlərində itkin düşmüşdür.



 

GOYEZEN.AZ



Facebook-da paylaş