• Təqvim

  • Maraq



İcra başçısı Kosalar kəndində fəaliyyət göstərən güləş zalında yeniyetmə idmançılarla görüşüb


Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idman sahəsinə, bu sahədə çalışan insanlara, idmançılara göstərdikləri qayğı onu deməyə əsas verir ki, bu sahə hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə başçısının və Birinci vitse-prezidentin idman sahəsinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur. 2020-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən rayonun Kosalar kəndində istifadəyə verilən güləş zalı da dövlətin qazaxlı idmançılara olan növbəti qayğısıdır. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması ilə yanaşı, məktəbin həyətində müasir standartlara cavab verən güləş zalının tikilməsi Qazaxda bu sahənin inkişafı istiqamətində atılan nümunəvi addımdır.

Heç kəsə sirr deyil ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz idman sahəsidir. Bunu rayon rəhbərinin idmançılarla olan görüşlərindən, rayonda fəaliyyət göstərən idman müssisələrinə baxış keçirməsindən, idmançılar üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, atdığı addımlardan da aydın şəkildə görmək olar.

 

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Kosalar kəndində fəaliyyət göstərən sözügedən güləş zalında olub, burada yunan-Roma və sərbəst güləşlə məşğul olan yeniyetmə idmançılarla görüşüb.

Rayon rəhbərliyinə hər cür şəraiti olan güləş zalında hazırda 50-yə yaxın idmançının yunan-Roma güləşi, 25-ə yaxın idmançının isə sərbəst güləşlə məşğul olduqları bildirilib.

Kənd ağsaqqalı, Əməkdar məşqçi Tariyel Nəsibov idman sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya qazaxlı idmançılar və kənd sakinləri adından minnətdarlığını bildirib. Kənd sakinlərinin, xüsusilə də gənc və yeniyetmələrin müraciətini nəzərə alaraq Kosalar kəndində güləş zalının tikilməsinə, idmançılara hədiyyə olunmasına görə Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də sonsuz minnətdar olduqlarını dilə gətirib. Hər zaman idmançıları, gənc və yeniyetmələri diqqətdə saxladığına görə rayon rəhbərliyinə razılığını bildirən Əməkdar məşqçi bugünkü görüşü də onlara olan növbəti qayğı kimi qiymətləndirib.

Yeniyetmə və idmançılarla səmimi söhbət edən icra başçısı bayrağımızın yüksəklərdə dalğalanması, beynəlxalq idman yarışlarında, arenalarında ölkəmizin adının qaliblər sırasında dayanması naminə onlara uğurlar arzulayıb, sonda xatirə şəkli çəkdirib.




 

GOYEZEN.AZ



Facebook-da paylaş