• Təqvim

  • Maraq



Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazaxda yeni tikilən məktəbdə işlər sürətlə davam etdirilir


Son illər cənab Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlər görülür. Ölkə başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər bir daha onu sübut edir ki, təhsil sahəsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanda təhsil sahəsinə olan yüksək dövlət qayğısının nəticəsidir ki, ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar, verdiyi tapşırıqlar əsasında respublikamızın bütün bölgələrində məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, yüzlərlə məktəb binası tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur.

Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri böyükdür. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binalarının tikilməsi, təmirə ehtiyacı olan məktəb binalarının əsaslı şəkildə yenidən qurulması bu dediklərimizin bariz nümunəsidir.

Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur.

Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün də Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Bu, dövlətin təhsil sahəsinə olan növbəti qayğısıdır.   


İş icraçısı Elnur Verdiyevin sözlərinə görə 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Bu ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası inşa ediləcək.

İş icraçısı yeni tikilən məktəbdə işlərin sürətlə davam etdirildiyini bildirir. Qeyd edək ki, artıq birinci və ikinci mərtəbələrdə, eləcə də idman zalında əsas işlər görülüb. Hazırda idman zalının dam örtüyünün vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşmaq üzrədir. Birinci mərtəbənin suvaq işləri bitib, ikinci mərtəbədə isə başa çatmaq üzrədir.

Məktəb binasının dam örtüyünün vurulması üçün də hazırlıq işlərinə başlanılacaq. Yaxın günlərdə pəncərələr qoyulacaq. Bundan əlavə, istilik sisteminin çəkilişlərinə də start verilib. Digər yardımçı binalarda da işlər eyni qaydada davam etdirilir.

Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi isə əsaslı şəkildə yenidən qurularaq 15 sentyabr – Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilib.












GOYEZEN.AZ



Facebook-da paylaş