• Təqvim

  • Maraq



Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazaxda növbəti yeni məktəb tikilir


Ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində son illər ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Xüsusilə də ölkə başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər təhsil sahəsinin inkişafına hesablanıb. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda təhsil sahəsinə olan yüksək dövlət qayğısı sayəsində respublikamızın bütün bölgələrində məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, yüzlərlə məktəb binası tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur. Ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar, verdiyi tapşırıqlar da bunun bariz nümunəsidir. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binalarının tikilməsi, təmirə ehtiyacı olan məktəb binalarının əsaslı şəkildə yenidən qurulması bu dediklərimizin əyani sübutudur. Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq 15 sentyabr – Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani göstəricisidir.

Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün də Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Bu, dövlətin təhsil sahəsinə olan növbəti qayğısıdır.   


İş icraçısı Elnur Verdiyevin sözlərinə görə 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Bu ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası inşa ediləcək.

İş icraçısı yeni tikilən məktəbdə işlərin sürətlə davam etdirildiyini bildirir. Qeyd edək ki, artıq birinci və ikinci mərtəbələrdə, eləcə də idman zalında əsas işlər görülüb. Birinci və ikinci mərtəbələrdə üzlük vurulması işləri bitib, idman zalında isə davam edir. Birinci mərtəbədə elektrik və santexnik işləri tamamlanıb, ikinci mərtəbədə isə yekunlaşmaq üzrədir. Məktəb binasının və idman zalının dam örtüyünün vurulması üçün hazırlıq işləri aparılır. Belə ki, tol vurulması yekunlaşıb, izolyasiya işi yekunlaşmaq üzrədir. 

Məktəb binasının giriş və çıxış pilləkanlarının tikintisi üçün yerləri hazırlanır. Məktəb ətrafında hasarın hörülməsi üçün özül hissə tökülür, su anbarlarının da tikintisinə başlanılıb. Yaxın günlərdə pəncərələr də qoyulacaq.

Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur ki, burada da son tamamlanma işləri aparılır.




 

GOYEZEN.AZ



Facebook-da paylaş