• Təqvim

  • Maraq



Şəhid atasından: “Qəhrəman Vətən övladlarına, şəhid ruhuna bəslənilən hörmət və ehtiramı gördükcə biz şəhid ailələri qürur hissi keçiririk”


İlqar Kərimovdan, 

Hörmətli cənab Prezident,

Azərbaycan daim öz qəhrəman oğulları ilə tanınmış və onlarla fəxr etmişdir. Siz müasir, güclü Azərbaycanın qüdrətli sərkərdəsi kimi, adınızı tarixə yazdırdınız, hər birimizin qəlbində böyük iz qoydunuz. Sizin güclü siyasi iradəniz və sarsılmaz mövqeyiniz sayəsində rəşadətli Ordumuz bizi 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımıza qovuşdurdu. Bununla da Siz xalqımızın həmrəyliyini, birliyini və gücünü bütün cahana göstərmiş oldunuz.

Qəhrəman Vətən övladlarına, şəhid ruhuna bəslənilən hörmət və ehtiramı gördükcə biz şəhid ailələri qürur hissi keçiririk. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazaxda da şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərilir. Bu da Sizin şəhid ailələrinin problemlərinin həllinə verdiyiniz böyük önəmin təcəssümüdür.

Əziz Prezidentimiz, mən Qazax rayonunun İkinci Şıxlı kəndində yaşayıram, 3 övlad atasıyam. Kiçik övladım Emil Kərimov 44 günlük Vətən müharibəsində iştirak etmiş, 2020-ci il oktyabrın 26-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. O gündən bu günə qədər dövlətimiz bizim yanımızda olmuş, problemlərimiz diqqətdə saxlanılmış, onların həllinə lazımi kömək göstərilmişdir. Bu, bizim üçün böyük dəstəkdir. Bir şəhid atası olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Qoy Ulu Tanrı Sizi daim öz pənahında saxlasın.

Hörmətlə,

Kərimov İlqar, şəhid atası.

Azərbaycan Respublikası, Qazax rayonu, İkinci Şıxlı kəndi.

21 fevral 2022-ci il



Facebook-da paylaş