Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi - FOTOLAR
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gündən
sonra torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən
müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl
hərflərlə əbədi həkk olundu. 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən
erməni işğalına birdəfəlik son qoydu. "Qarabağ Azərbaycandır!” söyləyərək haqq savaşına
çıxan, bu müqəddəs yolda canından keçən oğullarımızın, Vətən uğrunda şəhid olan
qəhrəmanlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Qazaxda şəhidlərimizə, onların ailə üzvlərinə olan
qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı
ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən,
əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin üz
tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında
aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur. Rayonda Vətən müharibəsi şəhidlərinin
adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi
ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan
yazanlar" kitabının yazılması, Qazax
Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən
uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılması,
şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin
lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir. Qazax
Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən Qazax şəhərində
olan 12 adsız küçəyə müxtəlif adda ordenlə təltif olunmuş 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi də igid Vətən oğullarının
adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdir. Adsız küçələrə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenlimayor şəhid Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri - 3-cü
dərəcəli "Rəşadət" ordenli kapitan şəhid İmamverdi İsmayılovun,"Qarabağ" ordenli baş leytenant şəhid Nəbi Hüseynovun, "Qarabağ"
ordenli gizir şəhid Anar Nağıyevin, "Azərbaycan Bayrağı" ordenli baş
çavuş şəhid İsmayıl Qəsəbovun, 3-cü dərəcəli "Rəşadət” ordenli kapitan
Rövşən Pənahovun, "Azərbaycan
Bayrağı” ordenli baş leytenant Xaliddin Nəsibovun, 3-cü dərəcəli "Rəşadət” ordenli leytenant Qismət Həməşəyevin, "Azərbaycan Bayrağı” ordenli gizir Səbuhi
Məmmədovun, 3-cü dərəcəli "Rəşadət” ordenli gizir İlkin Şükürovun, "Azərbaycan Bayrağı” ordenli kiçik gizir Röyal Mədətovun, "Azərbaycan Bayrağı” ordenli əsgər
Sakit Allahverdiyevin adlarının verilməsi igid Vətən oğullarının gələcək
nəsillərə tanıdılması istiqamətində atılan addımlardan biridir. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan
igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək
üçün görülən nümunəvi işlərdən biri də yaradılan Abidə Kompleksidir. Şəhərin
Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın
ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət
və ehtiramı özündə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə
Kompleksi bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın
xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrilib. Bu gün bu məkan nəinki rayon sakinlərinin, eləcə də
Qazaxa qonaq gələn hər kəsin üz tutduğu, ziyarət etdiyi, şəhidlərimizə olan
ehtiramlarını çatdıracağı müqəddəs bir ünvandır.
Abidə Kompleksini ziyarət edərkən ilk qarşılaşdığımız mənzərə
və qürurla səsləndirdiyimiz sözlər "Qarabağ Azərbaycandır!” ifadəsi olur. Kompleksə daxil olarkən sol tərəfdə dövlət atributumuz
olan Gerbimiz və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhidlərimizin
ünvanına səsləndirdiyi dəyərli fikirlər əks olunmuş lövhə ilə tanış oluruq. "Nəsillər
dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır!”. Bəli, Ulu Öndərin də söylədiyi kimi, nə qədər
Azərbaycan xalqı var, Vətəni canından üstün tutan oğullarımız hər zaman bizim
ürəyimizdə yaşayacaqlar. Sağ tərəfdə isə Müzəffər Ali Baş Komandanın Dəmir
yumruğunu simvolizə edən mənzərə göz oxşayır. Xüsusi şüşə lövhədə cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruq haqqında
səsləndirdiyi bu fikirlər yer alır: "Bu Dəmir yumruqla düşmənin başını əzdik və əzəcəyik!
Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı
yumruq kimi birləşib”. Ay ulduzlu, üçrəngli Azərbaycan Bayrağının dalğalandığı
hissədə böyük qaya parçasının üzərində qara lövhədə qızılı hərflərlə həkk
olunmuş sözlər Ali Baş Komandanın şəhidlərimizin ünvanına söylədiyi dəyərli
fikirləri özündə əks etdirir. "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş
insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim
üçün unudulmazdır!”. Sol tərəfdə olan ikinci qaya parçasının
üzərində ölkə Prezidentinin 44 günlük Vətən müharibəsi ilə bağlı söylədiyi
dəyərli fikirlər yer alıb. Ali Baş Komandanın da qeyd etdiyi kimi: "Biz döyüş
meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək öz ərazi
bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. 44 günlük Vətən
müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə
tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz
Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad
etdik”. Həmin qaya parçasının digər tərəfində isə
Xalq şairi Səməd Vurğunun bu misraları yer alır. Bu torpağın hər daşında bir igidin adı var, Qoy kəsməsin ayağını bu dağlardan ilk bahar. Unudulmaz el yolunda canı qurban olanlar, Vətən mülkü abad yaşar vəfadarı görəndə. Abidə Komplesini ziyarət edənlər sol tərəfdə yerləşən
monitorda, eləcə də hər iki tərəfdə olan şüşə lövhələrdə Qazaxın şəhid olan 51
igid oğlu, onların şəkilləri, təltif olunduqları orden və medallar, keçdikləri
döyüş yolu barədə ətraflı məlumat əldə edə bilirlər. Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağın erməni hərbi birləşmələrindən
təmizlənməsinə görə Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər
və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə
dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə
döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman
qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Qazaxda şəhidlərimizin xatirəsini əziz tutmaq, adlarını əbədiləşdirmək
üçün yaradılmış bu Abidə Kompleksi igid qəhrəmanlarımızın tanıdılması istiqamətində
atılan nümunəvi addım kimi qiymətləndirilməlidir. Bu Abidə Kompleksi şəhidlərimizi
gələcək nəsillərə tanıtmaq üçün müqəddəs məkan və ziyarətgahdır. Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
GOYEZEN.AZ
Facebook-da paylaş