Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi -
Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi -15-01-2022, 17:09 |
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gündən sonra torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. "Qarabağ Azərbaycandır!” söyləyərək haqq savaşına çıxan, bu müqəddəs yolda canından keçən oğullarımızın, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Qazaxda şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur. Rayonda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılması, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən Qazax şəhərində olan 12 adsız küçəyə müxtəlif adda ordenlə təltif olunmuş 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi də igid Vətən oğullarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdir. Adsız küçələrə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenlimayor şəhid Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri - 3-cü dərəcəli "Rəşadət" ordenli kapitan şəhid İmamverdi İsmayılovun,"Qarabağ" ordenli baş leytenant şəhid Nəbi Hüseynovun, "Qarabağ" ordenli gizir şəhid Anar Nağıyevin, "Azərbaycan Bayrağı" ordenli baş çavuş şəhid İsmayıl Qəsəbovun, 3-cü dərəcəli "Rəşadət” ordenli kapitan Rövşən Pənahovun, "Azərbaycan Bayrağı” ordenli baş leytenant Xaliddin Nəsibovun, 3-cü dərəcəli "Rəşadət” ordenli leytenant Qismət Həməşəyevin, "Azərbaycan Bayrağı” ordenli gizir Səbuhi Məmmədovun, 3-cü dərəcəli "Rəşadət” ordenli gizir İlkin Şükürovun, "Azərbaycan Bayrağı” ordenli kiçik gizir Röyal Mədətovun, "Azərbaycan Bayrağı” ordenli əsgər Sakit Allahverdiyevin adlarının verilməsi igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan addımlardan biridir. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də yaradılan Abidə Kompleksidir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramı özündə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrilib. Bu gün bu məkan nəinki rayon sakinlərinin, eləcə də Qazaxa qonaq gələn hər kəsin üz tutduğu, ziyarət etdiyi, şəhidlərimizə olan ehtiramlarını çatdıracağı müqəddəs bir ünvandır.
Abidə Kompleksini ziyarət edərkən ilk qarşılaşdığımız mənzərə və qürurla səsləndirdiyimiz sözlər "Qarabağ Azərbaycandır!” ifadəsi olur.
Kompleksə daxil olarkən sol tərəfdə dövlət atributumuz olan Gerbimiz və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhidlərimizin ünvanına səsləndirdiyi dəyərli fikirlər əks olunmuş lövhə ilə tanış oluruq. "Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır!”.
Bəli, Ulu Öndərin də söylədiyi kimi, nə qədər Azərbaycan xalqı var, Vətəni canından üstün tutan oğullarımız hər zaman bizim ürəyimizdə yaşayacaqlar. Sağ tərəfdə isə Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunu simvolizə edən mənzərə göz oxşayır. Xüsusi şüşə lövhədə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruq haqqında səsləndirdiyi bu fikirlər yer alır: "Bu Dəmir yumruqla düşmənin başını əzdik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı yumruq kimi birləşib”.
Ay ulduzlu, üçrəngli Azərbaycan Bayrağının dalğalandığı hissədə böyük qaya parçasının üzərində qara lövhədə qızılı hərflərlə həkk olunmuş sözlər Ali Baş Komandanın şəhidlərimizin ünvanına söylədiyi dəyərli fikirləri özündə əks etdirir. "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır!”.
Sol tərəfdə olan ikinci qaya parçasının üzərində ölkə Prezidentinin 44 günlük Vətən müharibəsi ilə bağlı söylədiyi dəyərli fikirlər yer alıb. Ali Baş Komandanın da qeyd etdiyi kimi: "Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik”. Həmin qaya parçasının digər tərəfində isə Xalq şairi Səməd Vurğunun bu misraları yer alır. Bu torpağın hər daşında bir igidin adı var, Qoy kəsməsin ayağını bu dağlardan ilk bahar. Unudulmaz el yolunda canı qurban olanlar, Vətən mülkü abad yaşar vəfadarı görəndə.
Abidə Komplesini ziyarət edənlər sol tərəfdə yerləşən monitorda, eləcə də hər iki tərəfdə olan şüşə lövhələrdə Qazaxın şəhid olan 51 igid oğlu, onların şəkilləri, təltif olunduqları orden və medallar, keçdikləri döyüş yolu barədə ətraflı məlumat əldə edə bilirlər. Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağın erməni hərbi birləşmələrindən təmizlənməsinə görə Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Qazaxda şəhidlərimizin xatirəsini əziz tutmaq, adlarını əbədiləşdirmək üçün yaradılmış bu Abidə Kompleksi igid qəhrəmanlarımızın tanıdılması istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirilməlidir. Bu Abidə Kompleksi şəhidlərimizi gələcək nəsillərə tanıtmaq üçün müqəddəs məkan və ziyarətgahdır. Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
GOYEZEN.AZ Geri qayıt |