Qazaxda Vətən müharibəsi şəhidi Tural Məmmədovun adını əbədiləşdirən bulaq inşa olunur
2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!.
Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğludur.
Bütün şəhidlərimiz kimi Tural Məmmədovun da adı əbədiləşdiriləcək. Qəhrəman şəhidimizin adını əbədiləşdirən bulaq igid Vətən oğlunun gələcək nəsillərə tanıdılmasında ən böyük töhfə olacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə bulağın inşa olunduğu ərazidə olub, yerində baxış keçirib.
İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən icra başçısı Tural kimi qəhrəman, cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Turalın xatirəsinin daim əziz tutulacağını bildirib. Şəhidimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini qeyd edib. Tikilən bulağın Turalın xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.
(MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlu
Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş