Qazaxda 8 Noyabr - Zəfər Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimiz yad olunub
Azərbaycanın
igid oğulları qəhrəmanlığı, mübarizliyi ilə 27
sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-ci ildə düşmənin darmadağın edilməsi
ilə başa çatan İkinci Qarabağ müharibəsində gedən qanlı döyüşlər zamanı bütün
dünyaya nümayiş etdirdilər ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. 44
gün davam edən Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması tariximizin
şanlı qürur–iftixar səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan
dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın
həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində
torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son
qoyuldu. İkinci
Qarabağ müharibəsinin ilk günlərindən öz vətənpərvərlikləri ilə həmişə öndə
olan qazaxlı gənclər də Vətənin səsinə səs verərək könüllü surətdə torpaqlarımızın
azad olunması uğrunda gedən müharibəyə yollanıb döyüş meydanında böyük
qəhrəmanlıqlar göstərdilər. İşğal altında olan torpaqlarımızın düşmən
tapdağından qurtarılması uğrunda gedən qanlı döyüşlərdə rayonumuzun 51 qəhrəman
oğlu igidlik nümayiş etdirərək Şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə gənc isə
öz sağlamlıqlarını itirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Zəfəri bu gün Azərbaycan xalqı
böyük təntənə ilə qeyd edir. Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrı ilk dəfə Zəfər Günü
kimi qeyd edən xalqımız Zəfərin qazanıldığı həmin günü bu gün də qürurla
xatırlayır. Respublikamızın hər yerində olduğu kimi, 8 Noyabr -
Zəfər Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Rayonda
keçirilən silsilə tədbirlərə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını
ziyarətlə start verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
aparatın məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə
Ağayeva, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri,
Əməkdar müəllim, professor İlham Pirməmmədov, "Şərq" qəzetinin
təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, "Əməkdar
Jurnalist” Akif Aşırlı, Vətən müharibəsi şəhidlərinin ailələri və
qazilər, Birinci Qarabağ müharibəsi qaziləri Şəhidlər xiyabanına gələrək torpaqlarımızın
azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla
anıblar. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində canlarından
keçən bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı, igid Vətən
oğullarının qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı bir daha vurğulanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş